Azərbaycanda çoxuşaqlı anaların sosial təminat imkanlarının genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Milli Məclisin deputatı Vüqar Bayramovun bu kateqoriyadan olan qadınların pensiya yaşının azaldılması ilə bağlı verdiyi təklif cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Bəs bu təklifə yanaşmalar necədir?
Sahib Məmmədov: Bu rejimin tətbiq olunacağına inanmıram
Mövzu ilə bağlı hüquqşünas Sahib Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, 5 və daha artıq uşağı olan qadınların, eləcə də ailəsində əlilliyi olan uşaq olan şəxslərin pensiyaya 5 il tez çıxmaq hüququ var.
Onun sözlərinə görə, Sovet dövründə uşaqların sayı artdıqca, pensiya yaşı hər bir uşaq üçün 1 il azaldılırdı:
"İndi bu rejimin tətbiq olunacağına inanmıram. Hökumətin bu addımı atacağını düşünmürəm. Məncə, bu, sadəcə bir təklif olaraq qalacaq".
"Əmin deyiləm ki, bu təklifi irəli sürən deputat qanunvericilik təşəbbüsü ilə çıxış edərək qanun layihəsi təqdim edəcək. Çünki bunun maliyyə-iqtisadi əsaslandırmasını hazırlamaq olduqca çətin olacaq", - deyə Sahib Məmmədov əlavə edib.
Üzeyir Şəfiyev: Çoxuşaqlı ailə anlayışı 3 uşağa endirilsə...
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev də fikirlərini Bakıvaxtı.az-la bölüşüb. Dediyinə görə, bu gün Azərbaycanda çoxuşaqlı ailə anlayışının müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılır:
“Hazırda bu anlayış - 5 və ya daha artıq uşağı olan ailələri əhatə edir. Lakin təklif olunur ki, bu hədd 3 uşağa endirilsin. Bu fikri müsbət qarşılayıram. Artıq Azərbaycanda ailə modeli ilə bağlı insanların baxışları dəyişib".
Sosioloq qeyd edib ki, ailələr əsasən 1-2, ən yaxşı halda 3 uşaq sahibi olmağa üstünlük verirlər. Statistik baxımdan ölkədə ən geniş yayılmış ailə tipi 2 uşaqlı ailələrdir.
Onun sözlərinə görə, çoxuşaqlı ailə anlayışı 3 uşağa endirilsə, statistik göstəricilərdə 3 uşaqlı ailələrin sayı artacaq.
"Mən təklif edərdim ki, çoxuşaqlı analarla yanaşı, evdar qadınların uşağa baxdıqları illər əmək stajına daxil edilsin və bu yolla onların pensiya hüququ təmin olunsun", - deyə Üzeyir Şəfiyev bildirib.
Nuriyyə Musayeva