Qlobal geosiyasi gərginliklərin və regional münaqişələrin iqtisadi və təhlükəsizlik müstəvisinə birbaşa təsir göstərdiyi bir dövrdə Davos İqtisadi Forumunda səslənən mesajlar xüsusi diqqətlə izlənir. Postmünaqişə reallıqları, regional əməkdaşlıq imkanları və revanşist yanaşmalar fonunda formalaşan yeni balansın nə qədər davamlı olduğu sualı Davos müzakirələrinin əsas mövzularından biri kimi ön plana çıxır.
Bəs bu kontekstdə Azərbaycanın regionda irəli sürdüyü əməkdaşlıq modeli real sabitlik və inkişaf üçün effektiv mexanizm ola bilərmi?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, 2020-ci ilin payızında Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra regionda yeni siyasi reallıq formalaşdı. Buna baxmayaraq, Ermənistan və onun arxasında dayanan müəyyən xarici dairələr bölgəyə yenidən eskalasiya dalğası gətirməyə çalışdılar, revanşist çağırışlar gündəmə gətirildi. Bu cəhdlər nə məntiqə sığırdı, nə də region ölkələrinin xalqlarının real maraqlarına uyğun gəlirdi:
"Azərbaycan ilk gündən açıq şəkildə bəyan etdi ki, bölgədə formalaşacaq yeni nizam bütün tərəflərin maraqlarına cavab verməlidir. Bakı yalnız öz mövqeyini irəli sürmədi, eyni zamanda qonşu ölkələrin də bu prosesdən fayda əldə edə biləcəyi real imkanlar yaratdı. Prezident İlham Əliyevin əsas məqsədi ondan ibarət idi ki, bölgədə elə bir əlverişli və münbit mühit formalaşsın ki, bütün iştirakçılar yeni vəziyyətdən bəhrələnsinlər".
Politoloqun fikrincə, çünki Ermənistanla davam edən münaqişə faktiki olaraq bütün regionun inkişafını ləngidirdi:
“Buna baxmayaraq, Azərbaycan müharibə şəraitində belə kommunikasiya imkanlarını genişləndirdi, enerji xətləri yaratdı, Cənub Qaz Dəhlizi kimi strateji layihələri reallaşdırdı. Bu, Bakının göstərdiyi açıq mesaj idi: hətta müharibə şəraitində belə konstruktiv və faydalı işlər görmək mümkündür. Təəssüf ki, Ermənistan bu proseslərdə uzun müddət anlaşılmaz və qeyri-rasional mövqe sərgilədi”.
Müsahibimiz bildirir ki, hazırda isə Ermənistan siyasi rəhbərliyinin daha praqmatik davranmağa başladığının şahidi oluruq. Onun sözlərinə görə, Davos İqtisadi Forumunda da göründü ki, prezident İlham Əliyevin regional əməkdaşlıq çağırışlarına Ermənistan tərəfi, o cümlədən ölkənin siyasi rəhbərliyi daha anlayışla yanaşır. Çünki İrəvanda artıq dərk olunur ki, itirə-itirə getmək və Azərbaycanın yaratdığı imkanlardan yararlanmamaq Ermənistan üçün ciddi problemlər yaradır:
"Əgər Ermənistan bu proseslərdən kənarda qalmaqda davam edərsə, təkcə region ölkələrindən deyil, ümumilikdə beynəlxalq proseslərdən də geri düşə bilər. Bu isə nə ölkə əhalisi üçün, nə də Ermənistanın beynəlxalq nüfuzu baxımından müsbət perspektiv vəd edir”.

Tofiq Abbasov: Ermənistan tədricən revanşizm mərhələsindən çıxmağa başlayır
T.Abbasov qeyd edib ki, hazırda əsas risklər daha çox iri geosiyasi oyunçuların davranışları ilə bağlıdır. Azərbaycan isə üzərinə düşən bütün addımları ataraq bölgədəki şəraitin bütün tərəflərin gözləntilərinə və maraqlarına cavab verməsinə çalışıb. Dediyinə görə, İkinci Qarabağ müharibəsi bitən kimi prezident İlham Əliyevin irəli sürdüyü “3+3” regional əməkdaşlıq formatı da məhz bu yanaşmanın təzahürü idi. Məqsəd aydın idi: mövcud geniş imkanlar fonunda vaxt itirilməməli, region ölkələri dinamik inkişaf etməli, xalqların rifahı yüksəlməlidir.
Həmsöhbətimiz deyib ki, bu gün dünyada dəhlizlər uğrunda ciddi rəqabət gedir. Bu proses Cənubi Amerikadan Avrasiya məkanına, Arktikadan Avstraliyaya qədər geniş coğrafiyanı əhatə edir. Bütün bunlar onu göstərir ki, perspektivli və ümidverici layihələrin dəyəri vaxtında bilinməli, əldə olunan üstünlüklər qorunmalı və artırılmalıdır:
"Eyni zamanda, bu rəqabəti kəskinləşdirməyə, öz dominantlığını zorla qəbul etdirməyə çalışan tərəflər də var. Lakin təcrübə göstərir ki, nə qədər qarşıdurma cəhdləri olsa da, sonda hətta ən aqressiv mövqelər belə bir reallığı qəbul etməyə məcbur qalır: bu yol heç kim üçün faydalı deyil.
Ermənistanın son davranışları da göstərir ki, ölkə tədricən revanşizm mərhələsindən çıxmağa başlayır. Siyasi rəhbərlik səviyyəsində verilən mesajlar göstərir ki, İrəvan artıq öz imkanlarını genişləndirmək, inkişaf edən tərəf kimi regional proseslərdə iştirak etmək zərurətini anlayır".
Zeynəb Rzayeva
Bakı 



