• Bakı C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

ANCA-dan Palloneyə: Vaşinqtondakı təxribatın pərdəarxası

SİYASƏT

20 Fevral 2026 | 17:31

ANCA-dan Palloneyə: Vaşinqtondakı təxribatın pərdəarxası

Vaşinqtonda baş verən son olay bir daha göstərdi ki, anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur. Onlar erməni şovinist dairələri ilə açıq və ya gizli sinxron hərəkət edərək, faktiki olaraq eyni cəbhədə yer alırlar.

Bu, artıq fərqli mövqe deyil, bu, Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş məqsədli xəttdir. Təsadüfi deyil ki, həmin aqressiv və qeyri-etik aksiyaya ilk dəstək ABŞ-dəki erməni lobbisinin əsas strukturlarından olan ANCA tərəfindən verildi. Anti-milli çıxışlara dərhal siyasi çalar qazandırmaq, onları “haqq səsi” kimi təqdim etmək cəhdi məhz bu dairələrin maraqlarına xidmət edir. Ardınca isə Azərbaycanın uzun illərdir açıq düşməni kimi çıxış edən Frank Pallone səsini qaldırdı. Pallone 907-ci düzəlişin təşəbbüskarlarından biri kimi Azərbaycana qarşı sanksiya siyasətini dəstəkləyən, Xocalı həqiqətlərini inkar edən, vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən fiqurdur. Onun erməni lobbisi ilə sıx əlaqələri illərdir müzakirə mövzusudur və fəaliyyəti faktiki olaraq bu dairələrin siyasi xəttinə paralel gedir.

Belə bir kontekstdə Vaşinqtondakı aksiyanın xarakteri də aydın görünür. Böyük beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq, otelin ətrafındakı təhlükəsizlik perimetrini zorakı formada yarmağa cəhd göstərmək, təhrikedici və qeyri-etik ifadələr işlətmək nə “demokratiya”, nə də “söz azadlığı” ilə izah oluna bilər. Bu, planlı təxribat cəhdidir. Nəticədə həmin ünsürlərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alındı. Bu fakt özü göstərdi ki, hüquq və qayda hər yerdə keçərlidir.

ReAL Patiyasının sədri Natiq Cəfərli Bakıvaxtı.az-a deyib ki, yayılan video-görüntülərdən də aydın olur ki, təhlükəsizlik qüvvələrinin başqa cür hərəkət etmək imkanları olmayıb. Siyasi şərhçi bildirib ki, dünyanın müxtəlif ölkələrinin liderlərinin mühafizə protokollarına baxsaq, kifayət qədər yaxın məsafəyə heç kimi buraxmadıqlarını görərik:

“Axı nə bilsinlər ki, etirazçılar kimlərdir? Bəlkə killerdir, bəlkə üzərində hansısa partlayıcı maddələr var? ABŞ silahların mağazalarda satıldığı və hər gün demək olar ki, insidentlərin, cinayətlərin baş verdiyi böyük ölkədir. Məktəblərdə, kampuslarda yaşanan olayları görürük. Hətta prezident Donald Trampa bir neçə dəfə sui-qəsd cəhdi də olub. Bu nöqteyi-nəzərdən, ABŞ-də baş vermiş hadisənin, yəni etirazçılara müdaxilə edilməsinin demokratiya, söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Kimsə normal etirazını bildirmək istəyirsə, etsin. Bunun üçün bəlli yer və məsafə var, getsin plakatını qaldırsın, şüarlar səsləndirsin. ABŞ-də bunu etmək qadağan deyil. Amma indiki həssas dönəmdə, təhlükəsizliklə bağlı problemlər olduğu zamanda, diqqətli davranmaq lazımdır”.

Natiq Cəfərli: Video-görüntülərdən də aydın olur ki, təhlükəsizlik qüvvələrinin başqa cür hərəkət etmək imkanları olmayıb

Müsahibimiz deyir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və regionda önə çıxması, lider olması bəyəm çoxlarının xoşuna gəlir?

“Təbii ki, yox. Müxtəlif maraq qrupları Azərbaycanın uğurlarından ciddi narahatdırlar. Qaça-qaça qapıya getmək nə deməkdir? Məqsəd nədir? Təhlükəsizlik qüvvələrinin protokol qaydalarına uyğun davranmasını doğru sayıram. Yəqin ki, Amerika kimi bir ölkədə hadisə ciddi araşdırılacaq və təxribatı törədənlərin niyyətləri, hansı məqsədlə bunu etdikləri aydınlaşacaq”.

N.Cəfərli əlavə edib ki, son 5-6 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ərazi bütövlüyünü bərpa etməsi bütün Qafqazda, Mərkəzi Asiyada tektonik dəyişikliklərə səbəb oldu, daşlar yerindən oynadı:

“Bizim Ordumuz Ermənistanı da müstəqil etdi. Belə məqamda Cənubi Qafqazda balansın dəyişməsi və yeni konfiqurasiyanın yaranması, Türkiyə və Azərbaycan ittifaqının güclənməsi, ABŞ vitse-prezidentinin regiona səfəri dünyadakı maraq qruplarını aktivləşdirdi. Baş verənlər bundan qaynaqlanır”.

Aydın Baxış


SON XƏBƏRLƏR