Xəbər verdiyimiz kimi, ötən gün ölkənin əsas magistral operatorlarından olan "Delta Telekom"a qarşı kiberhücum baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün sözlərinə görə, ilk baxışdan adi texniki problem təsiri bağışlasa da, bu hadisə sıradan bir hal kimi qiymətləndirilə bilməz.
O.Gündüz qeyd edib ki, adətən DDoS hücumları kiçik qurumlara qarşı adi kiber insident hesab olunur. Amma böyük şirkətlərə, xüsusən də magistral provayderlərə qarşı yönəlmiş hücumların məqsədyönlü və sifarişli olma ehtimalı daha yüksəkdir:
"Fikrimizcə, ötən gün baş verən hücum da Azərbaycanın kritik infrastrukturuna yönəlmiş ciddi risk kimi dəyərləndirilməlidir".
AİF prezidenti bu addımın hansısa maraqlı tərəflər və ya xarici dövlətlərə bağlı kiber qruplar tərəfindən həyata keçirilməsinin mümkün olduğunu söyləyib:
"Hücumun mənbəyi ilə bağlı şübhələr də bunu deməyə əsas verir, ötən gün bu haqda şübhələrimi qeyd etmişəm".
Bildirib ki, qanunvericiliyə görə kritik qurumların siyahısı qapalıdır. Amma "kritik infrastruktur" anlayışına diqqət yetirdikdə məhz "Delta Telekom"un ilk növbədə bu tip qurumlara aid olduğu aydın görünür. İzah edib ki, ölkənin əsas strateji müəssisələrinin, dövlət və maliyyə sektorunun internet təminatının böyük hissəsi məhz bu magistral üzərindən keçir və bu fakt ötən günkü hücumun təsadüfi olmadığını göstərir.
Xüsusən də dünyanın qarışdığı indiki zamanda, ölkələr arasında qarşılıqlı fiziki və kiberhücumların artdığı, geosiyasi vəziyyətin gərginləşdiyi bir zamanda belə bir hadisənin baş verməsi çox düşündürücü olduğunu nəzərə çatdırıb.
Vurğulayıb ki, son illərdə Azərbaycanda kritik infrastrukturun təhlükəsizliyi istiqamətində mühüm addımlar atılıb. Qanunvericilik qəbul edilib, səlahiyyətlər dəqiqləşdirilib (DTX və XRİTDX), DTX-da Milli Kibertəhlükəsizlik Mərkəzi yaradılıb, kadr hazırlığı aparılıb, qurumlar üçün metodik tövsiyələr və təlimatlar hazırlanıb və s.:
"Çox güman ki, ötən gün hücumun fəsadlarının qısa zamanda aradan qaldırılması da məhz bu görülən işlərin nəticəsidir".
Bəs növbəti addımlar nə olmalıdır?
"Fikrimcə , hücumun mənbəyinin və məqsədinin tam araşdırılması çox vacibdir.
Daha güclü anti-DDoS sistemləri qurulmalıdır, İnternet infrastrukturunda alternativlərin çevikliyi və dayanıqlığının artırılması təmin edilməlidir, kritik qurumlarda dayanıqlıq testləri müntəzəm keçirilməlidir və s.
Düşünmək olar ki, maraqlı tərəflər bu hücumla bəlkə də, ölkənin kritik infrastrukturunun dayanıqlığını “yoxlamaq”, test etmək istəyiblər.
Bu isə ciddi xəbərdarlıqdır.
Odur ki, Azərbaycanın rəqəmsal suverenliyinin daha da möhkəmləndirilməsi hər günün əsas məsələlərindən biri olmalıdır",- deyə Osman Gündüz qeyd edib.
Mina Mikayılova