Biz tarixi təcrübədən keçmiş bir xalqıq. Tarix bizə göstərib ki, haqlı olmaq təkbaşına kifayət etmir, haqqını müdafiə etməyi də bacarmalısan. Tarix boyu düşmənlərin gözü daim bizim torpaqlarımızda olub və Azərbaycan ardıcıl şəkildə işğallara, təzyiqlərə məruz qalıb. Xüsusilə Ermənistan tərəfindən ölkəmizə qarşı müxtəlif ərazi iddialarının irəli sürüldüyünün dəfələrlə şahidi olmuşuq.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “Əzəli yurd” layihəsi çərçivəsində hazırlanmış “Tarixi yurda qayıdış: Qərbi Azərbaycan sənəd və mənbələrdə” adlı elektron kitabın rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəlki dövrlərə nəzər saldıqda görürük ki, Ermənistanın və onun havadarlarının əsas məqsədi Azərbaycanın tam işğalı idi. Planlar aydın idi: əvvəlcə Qarabağ, daha sonra digər bölgələr. Lakin bu niyyətlər həyata keçmədi. İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın birliyi və güclü dövlət mövqeyi nəticəsində bu arzular puça çıxdı. Azərbaycan öz torpaqlarını geri aldı və tarixi ədalət bərpa olundu:
“Bununla belə, biz reallığı da düzgün qiymətləndirməliyik. Tarix göstərir ki, müəyyən dövrlərdən sonra oxşar təhlükələrlə yenidən üz-üzə qala bilərik. Əlbəttə, arzumuz odur ki, bu cür hadisələr bir daha təkrarlanmasın. Məhz buna görə də bu gün qarşımızda çox böyük imkanlar və fürsətlər var. Elmi, siyasi və informasiya sahəsində həqiqətlərimizi dünyaya daha fəal şəkildə çatdırmaq əsas vəzifələrimizdən biridir.
Uzun illər ərzində Qarabağın guya ermənilərə məxsus olması, Azərbaycan xalqının isə saxta ittihamlarla günahlandırılması ilə bağlı beynəlxalq aləmdə məqsədli təbliğat aparılıb. Lakin torpaqlarımız azad edildikdən və Qərbi Azərbaycana qayıdış ideyası gündəmə gəldikdən sonra vəziyyətin dəyişdiyini görürük. Bu gün artıq dünya reallıqları fərqli oxuyur”.
Deputat bildirib ki, 2014-cü ildə İtaliyada iştirak etdiyi bir konfrans zamanı bəzi xarici alimlərin bu əraziləri ermənilərə aid etdiyini iddia etməsinin şahidi olub. Bu mövqenin arxasında sistemli erməni təbliğatının dayandığı açıq idi. Amma bu gün artıq reallıq dəyişib: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə qəbul olunmalıdır:
“Hazırda qarşımızda duran əsas vəzifələrdən biri də Qərbi Azərbaycana qayıdış prosesinin təmin edilməsidir. Bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır. Lakin bu işi yalnız dövlətin üzərinə buraxmaq olmaz. Alimlər, ictimai təşkilatlar, ziyalılar və media bu prosesdə fəal iştirak etməlidir. Dünyada həqiqətlərin yayılmasında kitabların yazılması, filmlərin çəkilməsi, sənədli və bədii əsərlərin ərsəyə gətirilməsi xüsusi rol oynayır. Son illər ermənilər bu sahədə minlərlə saxta material yaymağa çalışıblar, müxtəlif dillərdə əsərlər çap etdiriblər. Biz də buna qarşı sistemli və peşəkar şəkildə çalışmalı, faktlara əsaslanan əsərlər ortaya qoymalıyıq”.
Ceyhun Məmmədov xatırladıb ki, tarixi abidələrimizin, yüzlərlə məscidin, qəbiristanlığın, mədəni irs nümunələrinin məhv edilməsi faktlarla sübuta yetirilir. İrəvanda və Qərbi Azərbaycanın digər bölgələrində dağıdılmış tarixi-mədəni irsimiz bunun bariz nümunəsidir. Bunlar iddia yox, sənədlərlə təsdiqlənmiş faktlardır:
“Bu səbəbdən biz daha çox işləməli, həqiqətlərimizi daha güclü formada dünyaya təqdim etməliyik. Bu, təkcə keçmişin yox, gələcəyin də mübarizəsidir”.
Zeynəb Rzayeva
Bakı 



