Müasir dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr, qlobal təhlükəsizlik çağırışları və beynəlxalq münasibətlər sistemində müşahidə olunan qeyri-müəyyənlik dövlətlərin milli dayanıqlılığının və daxili potensialının gücləndirilməsini strateji zərurətə çevirib.
Artıq bir çox ölkələr üçün təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. İqtisadi müstəqillik, siyasi sabitlik, güclü dövlət institutları, sosial həmrəylik, informasiya təhlükəsizliyi, vətəndaşların dövlətə etimadı və milli birlik də dövlətin dayanıqlığını müəyyən edən əsas amillər sırasında yer alır.
Məhz buna görə də müasir şəraitdə dövlətlərin qarşıya çıxan risk və təhdidlərə qarşı ilk növbədə öz daxili resurslarına, milli potensialına və cəmiyyətin həmrəyliyinə söykənməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu yanaşma həm milli maraqların etibarlı şəkildə qorunmasına, həm də uzunmüddətli inkişaf və sabitliyin təmin olunmasına xidmət edən əsas prinsiplərdən biri kimi qiymətləndirilir.
Bu istiqamətdə səsləndirilən fikirlər isə ölkənin gələcək inkişaf strategiyası və milli təhlükəsizlik konsepsiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzunu Bakıvaxtı.az-a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi "Biz ancaq özümüzə güvənə bilərik" fikri dövlətin milli maraqlarının qorunması, müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi potensialın artırılması istiqamətində mühüm strateji mesajdır.
Deputat qeyd edib ki, bu yanaşma beynəlxalq əməkdaşlıqdan imtina etmək anlamına gəlmir. Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq, regional tərəfdaşlıqlar və diplomatik münasibətlər dövlətlərin təhlükəsizlik strategiyasının vacib tərkib hissəsidir. Lakin müasir geosiyasi reallıqlar göstərir ki, hər bir dövlət ilk növbədə öz daxili dayanıqlığını, iqtisadi müstəqilliyini və təhlükəsizlik imkanlarını gücləndirməlidir. Bu baxımdan, özünəgüvən və beynəlxalq əməkdaşlıq bir-birini istisna edən deyil, əksinə, bir-birini tamamlayan anlayışlardır.
Arzu Nağıyev vurğulayıb ki, ölkənin dayanıqlığının əsas şərtlərindən biri cəmiyyət daxilində qarşılıqlı etimadın möhkəmləndirilməsi, hüququn aliliyinin təmin olunması və vətəndaş iştirakının genişləndirilməsidir. Onun sözlərinə görə, milli birlik təhlükəsizliyin və sabitliyin əsas dayaqlarından biridir və xarici təhdidlərin mövcud olduğu şəraitdə cəmiyyətin həmrəyliyi xüsusi əhəmiyyət daşıyır.
Arzu Nağıyev: Azərbaycanda milli birliyin təməlini güclü dövlətçilik ənənələri, ərazi bütövlüyü məsələsinə həssas münasibət təşkil edir
Deputatın fikrincə, vətəndaşların dövlət institutlarına etimadının artırılması, keyfiyyətli təhsilin inkişafı, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şəffaf idarəetmə, rəqəmsallaşma, media savadlılığının yüksəldilməsi, sosial rifahın və bərabər imkanların təmin olunması dövlətin dayanıqlılığını daha da möhkəmləndirən əsas amillərdir.
Nağıyev əlavə edib ki, Azərbaycanda milli birliyin təməlini ortaq tarixi yaddaş, güclü dövlətçilik ənənələri, ərazi bütövlüyü məsələsinə həssas münasibət və milli kimlik təşkil edir.
"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əsas məsələ dövlətin və xalqın ilk növbədə öz gücünə, öz potensialına və milli birliyinə arxalanmasıdır. 'Biz ancaq özümüzə güvənə bilərik' fikri də məhz bu strateji yanaşmanın ifadəsidir", – deyə deputat bildirib.
Nəzrin Mübariz
Bakı 



