“Bakının nəqliyyat infrastrukturunu gücləndirmək məqsədilə icra edilən tədbirlər sırasında “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi yer alır və artıq bu istiqamətdə işlər icra olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
Onun sözlərinə görə, hazırda həm yaşıl, həm də qırmızı metro xətlərinə yalnız “Nərimanov” deposu xidmət göstərir ki, bu da tələbatı tam ödəyə bilmir. Yaşıl xəttin müstəqil fəaliyyətini təmin etmək və yeni tunelin tikintisini həyata keçirmək üçün “Dərnəgül” elektrik deposunun istismara verilməsi zəruridir.
“Sözügedən depo Binəqədi rayonunda yerləşir və ümumi sahəsi 16,5 hektar təşkil edir. Ərazidə ümumilikdə 40-dan çox obyektin inşası nəzərdə tutulmuşdur. Bura, təsərrüfat xarakterli əsas tikinti obyektləri kimi, 27 hissədən ibarət olan dayanma təmir korpusu, mototəsərrüfat, vaqonların əsaslı təmir sexi, yük terminalı, elektrik yarımstansiyası, layihə üzrə müvafiq su çənləri və digərləri daxildir. Depo ərazisində ümumilikdə 5,581 metr dəmir yolu inşa ediləcəkdir”.
Mina Mikayılova