Böyük Britaniyanın gömrük qurumu 2024-cü ildə Azərbaycana 3,8 mlrd. dollar dəyərində məhsul ixrac olunduğunu açıqlayıb. Bu isə Dövlət Gömrük Komitəsinin (DGK) eyni dövr üzrə açıqladığı Böyük Britaniyadan idxal rəqəmlərindən kəskin fərqlənir. Belə ki, DGK 2024-cü il üzrə sözügedən ölkədən idxalın 273 mln. dollar təşkil etdiyini açıqlayıb. Başqa sözlə, arada 3,5 mlrd. dollardan çox fərq yaranıb. Bəs, bu fərq nə ilə bağlıdır?
Bakıvaxtı.az xəbər verir ki, DGK məsələ ilə bağlı apa-nın sorğusunu cavablandırıb. Qurumdan qeyd edilib ki, iki ölkə arasında xarici ticarət dövriyyələrində yaranan fərqlərlə bağlı bəzi zəruri məsələlər nəzərə alınmalıdır.
Bildirilib ki, 2024-cü ildə Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən Böyük Britaniyadan Azərbaycana idxal olunmuş malların dəyəri 272.5 mln. ABŞ dolları təşkil etdiyi halda, www.comtradeplus.un.org və www.worldstopexports.com səhifələrində yayımlanan məlumatlarda Böyük Britaniyadan Azərbaycana ixrac olunmuş malların dəyəri 3 mlrd. 829.6 mln. ABŞ dolları göstərilib. Dünya ölkələri tərəfindən xarici ticarətin gömrük statistikası BMT-nin Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır. Bu metodologiyaya əsasən xarici ticarət dövriyyəsində malların həcminin coğrafi bölgüsü idxala münasibətdə - malın mənşə ölkəsi üzrə, ixraca münasibətdə isə - malın təyinat ölkəsi üzrə aparılır. Qeyd olunan metodoloji prinsiplərə görə Azərbaycanın Böyük Britaniyadan idxal göstəriciləri həmin ölkə və digər ölkələrdən idxal olunmuş Böyük Britaniya mənşəli mallar əsasında formalaşır. Mənşə ölkəsini nəzərə almadan ötən il ərzində göndərən ölkə Böyük Britaniya olmaqla idxal olunan malların dəyəri 3 mlrd. 597 mln. ABŞ dolları təşkil edib, bu idxalın böyük hissəsinin mənşə ölkəsi Avstraliya, ABŞ, Meksika, Qazaxıstan və digər ölkələr olduğuna görə həmin ölkələrdən Azərbaycana idxal statistikasında qeydə alınıb.
DGK-dan əlavə edilib ki, ixrac və idxal qiymətləri arasında yaranan qiymət fərqləri (məsələn, nəqliyyat, sığorta və s.), ixrac və idxal üzrə hesabat ilinin fərqli olması (məsələn, bir ölkədən cari ilin sonuna təsadüf edən ixracın digər ölkədə növbəti ilin əvvəlində idxal olunaraq qeydiyyata alınması) və bu kimi digər amillər də xarici ticarət dövriyyələri arasında fərqin yaranmasına səbəb olur.
2024-cü il üzrə Azərbaycan Respublikasına Böyük Britaniyadan idxal əməliyyatları haqqında məlumat |
| |||||
Statistik dəyər (mln. ABŞ dolları ilə) | ||||||
Böyük Britaniyanın ixracı | Azərbaycanın idxalı (mənşə ölkəsi üzrə) | Azərbaycanın idxalı (göndərən ölkə üzrə) | Fərq (mənşə ölkəsi üzrə) | Fərq (göndərən ölkə üzrə) | ||
3 829.6 | 272.5 | 3 597.0 | -3 557.1 | -232.6 |