"Süni intellektdən digər sahələrdə də istifadə genişlənir".
Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, hazırda süni intellektdən digər sahələrdə də istifadə etməyə çalışırlar.
Onun sözlərinə görə, “qaynar xətt” xidmətində artıq çatbot fəaliyyət göstərir.
“Lakin bu çatbotun real dialoq qurub düzgün cavablar verə bilməsi üçün əlavə sınaqlar aparılır. Çünki bəzən zəng edən şəxslər əlaqəsiz mövzularda — məsələn, hava haqqında danışmağa başlayır və süni intellekt bu söhbəti davam etdirir. Bu isə real operatorların işini çətinləşdirə bilər. Ona görə də bu kimi halların qarşısını almaq məqsədilə sistem müxtəlif sınaqlardan keçirilir", – deyə Məleykə Abbaszadə qeyd edib.
O əlavə edib ki, hazırda dünyada yazı işlərini tam şəkildə yalnız süni intellektin qiymətləndirdiyi və nəticələrin tam qəbul olunduğu bir sistem yoxdur:
“Biz bu prosesi mərhələli şəkildə həyata keçiririk. Süni intellektdən əsasən monitorinq və bəzi texniki proseslərdə geniş istifadə olunur. Artıq bəzi sahələrdə tam avtomatlaşdırma tətbiq edilib. Lakin yazı işlərinin yalnız süni intellekt tərəfindən qiymətləndirilməsi üçün hələ vaxt var", – deyə sədr bildirib.
Mina Cavidqızı