“Apellyasiya müraciətləri arasında elə hallar da olur ki, müraciət edən sadəcə yazır: "Xahiş edirəm, mənə güzəşt edin" və ya "səhvimi düz hesab edin". Bu, apellyasiya deyil, sadəcə şəxsi müraciətdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu hallar da say statistikasında apellyasiya kimi qeyd olunur və bu rəqəmlər gizlənmir, ictimaiyyətə tam açıq şəkildə təqdim edilir:
“Bu, tamamilə şəffaf bir prosesdir”.
Nəzərə çatdırıb ki, yazı işləri az olanda, şəxsən əlaqə saxlayıb izah verilsə də, indi bu mümkün deyil:
“Həm zaman, həm də iş yükü baxımından. Təəssüflə qeyd etməliyəm ki, xüsusilə riyaziyyat fənnindən nəticələr ürəkaçan deyil. Ana dili fənni üzrə nisbətən yaxşıdır, amma hələ də bəzi hallarda cavablar sualın tələbinə uyğun yazılmır. Bu səbəbdən bütün iştirakçılardan xahiş edirik ki, şikayət etməzdən əvvəl təqdim olunan yazı işinə baxın, cavablarınızı meyarlara əsasən qiymətləndirdiyimizi anlayın”.
Mina Cavidqızı