“Azərbaycan cəmiyyətinin 4 erməni məhkumun buraxılmasına reaksiyası təbiidir”.
Bunu politoloq Natiq Miri Azərbaycanın 4 erməni məhkumu Ermənistana təhvil verməsindən danışarkən Bakıvaxtı.az-a deyib.
Ekspert vurğulayıb ki, 30 illik işğal dövründə erməni silahlıları Azərbaycan xalqına, xüsusən Qarabağ əhalisini dəhşətli zülmlər ediblər:
“Ona görə də erməni vəhşiliyi, vandallığı genetik yaddaşlarda hər zaman var və bundan sonra da mövcud olacaq. Ancaq məsələyə bu konteksdə yanaşmaq yanlışdır”.
Müsahibimzi deyir ki, məsələyə böyük mənzərədən, daha geniş prizmadan baxmaq lazımdır. Onun sözlərinə görə, yəni sülh prosesi sadəcə rəsmi sənədləri imzalamaqla yekunlaşmır:
“Sülh prosesi ictimai təfəkkürdə uzunmüddətli davam edən və müəyyən travmalara səbəb olan bir prosesdir. Bu yöndə bəzi praktik addımlar atılmalıdır ki, cəmiyyətlər arasında itirilmiş qarşılıqlı etimadı təmin etsin. Mühüm məqam sülh prosesinin davamlılığıdır. Ona görə də mütləq mənada kommunikasiya, əməkdaşlıq, ticarət kimi sülhə töhfə verəcək praktiki məsələlər, o cümlədən humanitar məsələlər də önəmlidir və təkanverici rola malikdir”.
Politoloq bildirib ki, heç kim tranzit sərhədlərinin belə tezliklə açılacağını da gözləmirdi. Bu gün Ermənistana müxtəlif ölkələrdən Azərbaycan vasitəsi ilə yüklər daşınır:
“Birbaşa diplomatik münasibətlər qurulmadan Azərbaycan Ermənistanla ticarət prosesinə təkan verib, yanacaq satır. Sülh prosesinə ciddi stimul və təkan verən Azərbaycan tərəfidir. Hər kəs bilsin ki, Azərbaycan Cənubi Qafqazda dominant ölkədir”.

Natiq Miri: Məhkumların qaytarılması həm də Nikol Paşinyanın cəmniyyətdəki mövqeyini yüksəldəcək
Analitik əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda sabitlik, əməkdaşlıq, ticarət, humanitar-mədəni əlaqələrin qurulmasında və bütün kommunikasiyalarda əsas təşəbbüskar rolunda çıxış edir:
“Məsələyə bu konteksdə yanaşsaq, Azərbaycan tərəfinin 4 erməni dustağı buraxmasının səbəbləri də anlaşılar. Əvvəla, nəzərə alaq ki, təhvil verilənlər Araik Arutunyan və ya Quqasyan səviyyəsində cinayətkar deyil. Daha az cinayət törətmiş şəxsləri təhvil verməklə rəsmi Bakı bir növ güzəşt mövqeyi nümayiş etdirir”.
Natiq Miri hesab edir ki, bu addım beynəlxalq səviyyədə çox müsbət qiymətləndirilir. Dediyinə görə, ancaq strateji anlamda Azərbaycan bölgədə sülh prosesinə çox böyük töhvə vermiş olur:
“Eyni zamanda 4 erməni məhkumun qaytarılması həm də Nikol Paşinyanın cəmniyyətdəki mövqeyini yüksəldəcək və müxalifətin ittihamlarını neytrallaşdıracaq. Bununla müxalifətin əlindəki arqumentlər mahiyyətini itirir və Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qələbə şansını artırır”.
Aydın Baxış
Bakı 




