• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

İlham Əliyev Münhendə yeni reallıqların konturlarını cızdı: Orta Dəhlizdən sülhə uzanan strateji xətt

SİYASƏT

15 Fevral 2026 | 14:24

İlham Əliyev Münhendə yeni reallıqların konturlarını cızdı: Orta Dəhlizdən sülhə uzanan strateji xətt

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə faktiki olaraq regional bağlantılar, geosiyasət və sülh gündəliyinin bir nöqtədə necə kəsişdiyini göstərən mühüm siyasi hadisəyə çevrildi. Bu çıxış təkcə nəqliyyat dəhlizləri və logistika ilə bağlı texniki izah deyildi. Burada Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası, Avrasiya ticarət marşrutlarının yenidən dizaynı və Azərbaycan-Ermənistan münasibətlərinin transformasiyası barədə aydın siyasi mesajlar verildi.

Prezidentin əsas tezislərindən biri ondan ibarət idi ki, coğrafiya özü-özlüyündə üstünlük deyil. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir, lakin bu mövqeni real gücə çevirən amil illərdir ardıcıl şəkildə qurulan fiziki və rəqəmsal infrastrukturdur. Dəniz limanları, dəmir yolları, magistrallar, hava nəqliyyatı və indi də Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik xətlər Bakının tranzit ölkədən daha artıq, regional logistika qovşağına çevrildiyini göstərir. Yüklərin daşınması üzrə rəqəmlərin açıq şəkildə səsləndirilməsi Azərbaycanın bu prosesə taktiki yox, strateji yanaşdığını nümayiş etdirir.

Əliyevin çıxışında Orta Dəhliz anlayışı dar nəqliyyat marşrutu kimi deyil, çoxölçülü əməkdaşlıq platforması kimi təqdim olundu. Burada söhbət təkcə Çin-Avropa ticarətindən getmir. Mərkəzi Asiya ölkələrinin fəal iştirakı, Xəzərin artan rolu, Cənubi Qafqazın yeni funksiyası və Türkiyə üzərindən Avropaya çıxış bir bütöv zəncir kimi təsvir edildi. Prezidentin vurğuladığı mühüm məqamlardan biri də odur ki, bu marşrutların böyük əksəriyyəti indiyədək ABŞ-nin birbaşa iştirakı olmadan, region ölkələrinin öz siyasi iradəsi və maliyyə resursları hesabına reallaşdırılıb. Bu fakt Azərbaycanın regional təşəbbüskarlıq rolunu ayrıca ön plana çıxarır.

Panelin ən diqqətçəkən hissələrindən biri sülh gündəliyinin birbaşa bağlantı layihələri ilə əlaqələndirilməsi oldu. Prezident açıq şəkildə bildirdi ki, sülh yalnız imza mərasimi ilə yekunlaşan proses deyil. Sənəd bünövrədir, lakin davamlı sülhü yaradan gündəlik əməkdaşlıq, qarşılıqlı asılılıq və ortaq iqtisadi maraqlardır. Bu baxımdan, Ermənistandan keçəcək dəmir yolu xətləri, Naxçıvanla quru bağlantısının bərpası və yeni marşrutların açılması etimad quruculuğunun real alətləri kimi təqdim edildi. Əliyevin altı ay ərzində sərhəddə insidentlərin olmamasını xüsusi vurğulaması təsadüfi deyildi; bu, siyasi iradənin praktik nəticəyə çevrildiyini göstərən mesaj idi.

Ermənistan Konstitusiyası ilə bağlı mövqe isə Prezidentin çıxışında prinsipial xəttin dəyişmədiyini göstərdi. Əliyev bu məsələni emosional yox, hüquqi-siyasi müstəvidə təqdim etdi: Azərbaycana qarşı ərazi iddiası Konstitusiyada qaldığı müddətdə sülh müqaviləsinin imzalanması mümkün deyil. Bununla yanaşı, o, prosesin artıq geri dönməz mərhələyə daxil olduğunu da açıq şəkildə ifadə etdi. Bu, həm İrəvana, həm də prosesdə maraqlı olan beynəlxalq aktorlara ünvanlanan balanslı, amma qəti mesaj idi.

Panel müzakirəsində ABŞ Prezidenti Donald Trampın adı ilə bağlı “TRIPP” layihəsinin çəkilməsi də diqqətçəkən idi. Əliyevin yanaşmasına görə, bir layihəyə ABŞ prezidentinin adının verilməsi onun qısamüddətli siyasi jest olmadığını, uzunmüddətli strateji marağa əsaslandığını göstərir. Bu tezis Vaşinqtonun regiona münasibətində mümkün davamlılığı vurğulamaqla yanaşı, Azərbaycan üçün əlavə siyasi zəmanət kimi səsləndi.

Çin və Avropa İttifaqı nümayəndələrinin çıxışları fonunda Prezident Əliyevin mövqeyi bir daha aydın oldu: Azərbaycan nə bir blokun aləti, nə də kənardan yönləndirilən tranzit ərazidir. Bakı müxtəlif güc mərkəzləri arasında balans yaradaraq, hər biri ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli qurur. Çinlə “Bir kəmər, bir yol”, Avropa ilə Trans-Xəzər marşrutu, ABŞ-la yeni sülh və rifah təşəbbüsləri bu balansın müxtəlif sütunlarıdır.

Nəticə etibarilə, Münhendəki panel bir daha göstərdi ki, Azərbaycan artıq regional proseslərə reaksiya verən yox, onları formalaşdıran aktordur. İlham Əliyevin çıxışı Orta Dəhlizi təkcə iqtisadi layihə kimi deyil, Cənubi Qafqazda uzunmüddətli sabitliyin və inteqrasiyanın əsas dayaqlarından biri kimi təqdim etdi. Bu, həm region ölkələri, həm də qlobal güclər üçün açıq mesaj idi: yeni geosiyasi reallıqda marşrutlar xəritədə yox, siyasi iradə üzərində qurulur.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

14 Fevral 2026