Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşdə aparılan monitorinqlər, görülən işlər barədə ilkin məlumat verib.
Bakıvaxtı.az xəbər verir ki, sakinlərin əsas tələbi iyunun 20-də aksiyaya cəhd zamanı saxlanılan kənd sakinlərinin azad edilməsi, ikinci gölün yaradılmaması, habelə müəssisədən birinci gölə zəhərli maddələrin axıdılması nəticəsində sakinlərin sağlamlığına və ətraf mühitə ziyan vurulmasının qarşısının alınması ilə bağlı olub.
Komissiyanın sədri Muxtar Babayev sakinlərə bildirib ki, ikinci gölün yaradılması nəzərdə tutulmur. O, mövcud istehsalat sahəsinin isə fəaliyyətinin araşdırılacağı, hər hansı zərər varsa, onu minimuma endirmək üçün tədbirlər görüləcəyini bildirib.
Bildirilib ki, yaradılan monitorinq qrupu kənd ərazisindəki müəssisənin fəaliyyətini araşdıracaq, ekologiyaya və ətraf mühitə təsiri müəyyən olunacaq, müəssisənin kənd əhalisinə qarşı sosial məsuliyyətinin artırılması istiqamətində addımlar atılacaq.
Qeyd olunub ki, həm süni gölün özündən, həm də ətrafında yerləşən təbii su mənbələrindən nümunələr götürüləcək. Kəndlilərin həyətyanı sahəsində məhsuldarlığın aşağı düşməsi şikayəti ilə bağlı torpaq nümunələri də analiz olunacaq.
Sakinlərin kənddə onkoloji xəstəliklərin artması barədə şikayətinə isə komissiyanın üzvü, səhiyyə nazirinin müavini ölkə üzrə və son 10 ildə Gədəbəy rayonu üzrə olan statistikanı təqdim edərək, ciddi nəzərə çarpacaq artım müşahidə olunmadığı qeyd edib.
Sakinlərin müəssisə tərəfindən havaya zəhərli maddələrin buraxıldığı barədə iddialarına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sözügedən müəssisədə havaya hansısa tullantıların buraxılması ilə müşayiət olunan proses həyat keçirilmir.
Görüşdə o da vurğulanıb ki, aksiyaya cəhd zamanı saxlanan kənd sakinlərinin azad edilməsi üçün məsələyə baxılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.
Sonda Muxtar Babayev bildirib ki, aparılan monitorinqlərin nəticəsi olaraq hesabatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq, nəticə barədə ictimaiyyətə və kənd sakinlərinə məlumat veriləcək.
15:56
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyib.
14:54
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşür.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunur, komissiya üzvləri sakinlərin fikirlərini dinləyir.
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.
14:06
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub.
Bakıvaxtı.az xəbər verir ki, iclasda komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya - gölə baxış keçirilib.
Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərləşdirilir.
Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.
Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər.
Bunun ardınca komissiya üzvlərinin Söyüdlü kəndinin sakinləri ilə görüşü olacaq.
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.





jpg-1690017946.webp)










