Qəzza zolağında ərzaq ehtiyatları tamamilə tükənib. Son ərzaq məhsulları isti yemək hazırlanan mətbəxlərə çatdırılıb. Bu mətbəxlər əhalinin gündəlik ərzaq tələbatının 25 faizini qarşılayırdı.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dünya Ərzaq Proqramı (WFP) bəyan edib.
WFP-nin dəstəklədiyi 25 çörək sexi də martın 31-də un və yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Təşkilat bildirib ki, sərhəd keçidlərinin 7 həftədir bağlı qalması bölgəyə humanitar yardımın daxil olmasına imkan vermir.
Qəzzadakı Fələstin hökuməti isə acil humanitar dəhlizin açılması çağırışı edib. Açıqlamada bildirilib ki, İsrailin 55 gündür tətbiq etdiyi tam blokada nəticəsində 2,4 milyon insanın həyatı təhlükə altındadır və artıq 52 nəfər, o cümlədən 50 uşaq aclıqdan həyatını itirib.
Qəzza hökuməti bu vəziyyəti "fəlakət baş vermədən öncəki son çağırış" adlandırıb və beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə çağırıb.
Nuriyyə Musayeva