Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində eyni tədbirdə iştirakı iki ölkə arasında sülh prosesinə dair optimizmi artırıb. Dünya liderlərinin təbrik mesajları regiondakı müsbət tendensiyaya işarə edir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ən real vaxt hansı dövr ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması baxımından 2026-cı il həlledici dövr hesab olunur:
“Çünki 2025-ci ildə tərəflər sülh müqaviləsini paraflayıblar və hazırda yalnız onun rəsmi imzalanması və ratifikasiyası mərhələsi qalır. İmzalanma üçün ideal dövr 2026-cı ilin birinci yarısı ola bilər. Əgər Ermənistan Konstitusiyasına dəyişikliklər sürətlə qəbul olunarsa, müqavilənin imzalanması mümkün görünür. 2026-cı ilin sonuna qədər ratifikasiya prosesi başa çatarsa, sənəd tam hüquqi qüvvə qazanmış olacaq. Bunun üçün isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi əsas şərtlərdən biridir”.

Əziz Əlibəyli: Əgər Ermənistan Konstitusiyasına dəyişikliklər sürətlə qəbul olunarsa...
Müsahibimiz əlavə edib ki, eyni zamanda sərhədlərin demarkasiya və delimitasiya prosesi tamamlanmalı, nəqliyyat və kommunikasiya xətləri açılmalı, eləcə də beynəlxalq təminat mexanizmləri formalaşdırılmalıdır. Dediyinə görə, bu baxımdan, Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddialarının Konstitusiya səviyyəsində aradan qaldırılması və kommunikasiya məsələlərinin rəsmən təsdiqlənməsi halında sülh müqaviləsinin imzalanmasına ciddi maneə qalmır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər.
Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.
Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan liderləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Aynur Babazadə
Bakı 




