Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Spikerlər İran İslam Respublikası tərəfindən hər iki ölkənin ərazisinə və mülki əhalisinə qarşı həyata keçirilən əsassız hücumlarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, bu cür hərəkətləri qətiyyətlə pisləyiblər.
Tərəflər vurğulayıblar ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri xalqları sülh və sabitliyin tərəfdarıdır və mülki əhaliyə qarşı yönəlmiş belə hücumlar qəbuledilməzdir.
Saqr Qobaş son hadisələr fonunda Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikası, ölkə rəhbərliyi və xalqımızla həmrəy olduğunu vurğulayaraq, dost ölkələrimiz arasındakı həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Spiker Sahibə Qafarova bu mövqeyinə görə təşəkkürünü bildirib.
Spikerlər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edərək, xalqları təmsil edən parlamentlərin dialoq və qarşılıqlı anlaşmanın təşviqində özünəməxsus rol oynadığını bildiriblər.
Telefon danışığı zamanı həmçinin, dövlətlərin suverenliyinə hörmət göstərilməsinin, beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə riayət edilməsinin, habelə regionda təhlükəsizlik və sabitliyin qorunması üçün dost ölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Regional təhlükəsizlik və sabitliyin qorunması baxımından dost ölkələr arasında koordinasiya və məsləhətləşmələrin gücləndirilməsinin önəmi ifadə edilib.
Bakı 




