Fransanın Normandiya bölgəsində qatarın relsdən çıxması ilə bağlı aparılan araşdırmada hadisənin səbəbi hələlik müəyyən edilməyib.
Bakıvaxtı.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, bunu Ruan prokuroru Sebastyan Qallua açıqlayıb. Onun sözlərinə görə, səhər saatlarından etibarən həyata keçirilən istintaq tədbirləri dəmir yolunun bir hissəsinin relslərdən birinin üzərinə düşməsinə nəyin səbəb olduğunu müəyyənləşdirməyə imkan verməyib.
Prokuror bildirib ki, məhkəmə ekspertləri və texniki mütəxəssislər sentyabrın 12-də günortadan sonra hadisə yerində işlərini başa çatdırıblar.
Qalluanın sözlərinə görə, hadisə zamanı ağır xəsarət alan 18 yaşlı sərnişin hazırda xəstəxanada müalicə olunur. Bununla belə, onun həyatı və ya ağır əlilliklə üzləşməsi baxımından təhlükənin artıq olmadığı qeyd edilib.
Prokuror həmçinin bildirib ki, günorta saatlarına olan məlumata görə, daha üç nəfər xəstəxanalarda qalır. Onların vəziyyətinin narahatedici olmadığı vurğulanıb.
Hadisə nəticəsində xəsarət alan bütün şəxslər xəsarətlərin dəqiq dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertləri tərəfindən müayinə olunacaqlar.
****
17:46
Fransada Ruan-Kan marşrutu ilə hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFM məlumat yayıb.
Fransanın nəqliyyat naziri Filipp Tabarot bildirib ki, qatarda 180 sərnişin olub.
Ruan prokurorluğunun məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma başlanıb.
















