Son illərdə banklara borcu olan insanların sayı sürətlə artır. Borclanma təkcə ehtiyacdan irəli gəlmir, bəzi hallarda insanlar həqiqətən ehtiyac duymadıqları halda da kredit götürməyə yönləndirilir.
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
O bildirib ki, bankın işi pul satmaq və maliyyə vasitəçiliyi xidmətidir. Bu işlər də kifayət qədər rəqabətli prosesdir. Yəni, müştərinin cəlb etmə, yaxşı müştəri tapmaq məsələsi bir qədər çətindir:
"Çox təəssüf ki, əhalinin gəliri azdır, bunun da rəsmi və qeyr-rəsmi hissəsi var. Bank qeyri-rəsmi hissə ilə heç nə edə bilmir, bütün məhdudiyyətlər rəsmi gəlirlərə əsasən formalaşır. Bu baxımdan da banklar pul sata bilməkdə çətinlik çəkirlər və reklam, təbliğat aparırlar. Banklar heç vaxt pulu qaytara bilməyəcək müştəriyə kredit vermir. Mərkəzi Bankın qaydası var ki, əgər vətəndaşın aylıq kredit ödəməsi onun aylıq gəlirinin 45%-dən çoxdursa, bank həmin vətəndaşa kredit verə bilməz".
Ekspertin sözlərinə görə, ilk növbədə, banklar kredit məhsullarını cəlbedici reklamlarla təqdim edirlər. "İndi al, sonra ödə" və ya "faizsiz kredit" kimi şüarlarla istehlakçıların diqqətini çəkən maliyyə qurumları real faiz dərəcələrini və əlavə xərcləri gizlətməklə insanları borclanmağa təşviq edirlər. Kredit kartları üçün minimal ödəniş sistemi isə vətəndaşları uzunmüddətli borc yükü altına salır. İnsanlar aylıq minimal məbləğləri ödəməklə borclarını idarə etdiklərini düşünür, lakin əsas məbləğ ödənilmədiyindən faizlər illərlə davam edir",
Müsahibimiz qeyd edib ki, banklar borc mədəniyyətini sosial normaya çevirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Dediyinə görə, gənclər arasında kredit kartlarından istifadə geniş yayılıb, kiçik sahibkarlar və orta gəlirli ailələr isə alternativ maliyyə mənbələri tapa bilmədikləri üçün borclanmağa məcbur olurlar. Ekspertlər bildirir ki, maliyyə savadsızlığı bu prosesdə əsas rol oynayır. İnsanlar müqavilələri detallı oxumadan imzalayır, faiz hesablamalarını anlamır və nəticədə gözlənilməz borc yükü ilə qarşılaşırlar.
Xalid Kərimli: Banklar diqqət çəkən şüarlarla insanları borclanmağa təşviq edir
X.Kərimli vurğulayıb ki, bəzi insanlar boş yerə kredit götürürlər, bunun üçün də bu sahədə maarifləndirici prosesler aparılmalıdır:
"Elə adamlar var ki, deyir "evimin divanı köhnədir, onu yeniləmək üçün bankdan pul götürdüm". Adam bunu öz komfortu, kefi üçün edir. Vətəndaşın ağlı olmalıdır ki, kredit belə mənasız vəziyyətlər üçün nəzərdə tutulmayıb. Borc tələsindən çıxış yolları kimi maliyyə təhsili artırılmalı, alternativ gəlir mənbələri axtarmağı və emosional deyil, məntiqli maliyyə qərarları verməyi bacarmalıyıq. Bankların təsir mexanizmlərini dərk etmək və bu manipulyasiyalara qarşı müqavimət göstərmək borclanmadan yayınmağın əsas yollarından biridir".
Nuriyyə Musayeva