İmzalanmış saziş bəşər tarixində ağrılı bir səhifəyə son qoya, Yaxın Şərqdə sülh və sabitliyin yeni dövrünün qapısını aça bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Şarm əş-Şeyxdə Qəzza zolağında atəşkəs sazişinin imzalanması mərasimində deyib.
O vurğulayıb ki, saziş uzunmüddətli münaqişədən yorulan region xalqları üçün ən yaxşı həll yolu və mənəvi kompasdır.
Prezident dünya liderlərinin atəşkəsə gətirib çıxaran səylərini alqışlayıb və xüsusilə ABŞ lideri Donald Trampın müharibəni dayandırmaq səylərini yüksək qiymətləndirib.
"Həm Fələstin, həm də İsrail xalqlarının ambisiyaları münaqişəyə son qoymaq və təhlükəsizlik şəraitində yaşamaqdır. Siz (Trampla müraciət edərək – red.) göstərdiniz ki, əsl liderlik müharibə aparmaq deyil, onu bitirməkdir. Biz hazırkı razılaşmanı həyata keçirmək və elan edilmiş sülh planının bütün şərtlərini yerinə yetirmək üçün rəhbərliyinizə inanırıq", - Misir Prezidenti bildirib.
Əs-Sisi Misirin qardaş ərəb və islam ölkələri ilə birlikdə strateji seçim kimi sülhə sadiqliyini bir daha təsdiqlədiyini vurğulayaraq, terrorizmdən və radikalizmdən azad, əhalisinin ləyaqətli həyat perspektivi ilə təhlükəsiz şəraitdə yaşadığı bir region yaratmaq üçün tarixi fürsətdən istifadə etməyə çağırıb.