Azərbaycan hökumətinin 2026-cı il üçün büdcə müzakirələri davam edir. Yeni büdcə sənədlərində sosial ödənişlərin artırılması, vergi siyasətində dəyişikliklər və bəzi güzəştlərin ləğvi nəzərdə tutulur.
Ekspertlərin fikrincə, gələn ildən ölkədə həm pensiya artımı, həm də sosial təminat sistemində mühüm yeniliklər reallaşacaq.
İqtisadçı-alim Eldəniz Əmirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gələn ilin əvvəlindən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10 faiz artacağı gözlənilir.
“Pensiyaların indeksasiyası orta aylıq nominal əməkhaqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən artım səviyyəsinə uyğun hesablanır. Hazırda bu göstərici 9,7 faiz təşkil edir və orta aylıq əməkhaqqı 1093 manata çatıb. Bu da gələn ildən pensiyaların təxminən 10 faiz artacağını deməyə əsas verir”, – deyə iqtisadçı vurğulayıb.
Əmirovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcə göstəriciləri də bu artımı təsdiqləyir:
“Fondun gəlirləri 8,32 milyard manat, xərcləri isə 8,48 milyard manat proqnozlaşdırılıb. Əhaliyə ödənişlərin həcmi bu illə müqayisədə 787,5 milyon manat artaraq 10,63 faizlik yüksəliş göstərəcək".
İqtisadçı qeyd edib ki, gələn il üçün minimum pensiya 320 manat, yaşayış minimumu və ehtiyac meyarı isə 300 manat olacaq.
“Yaşayış minimumu əhalinin sosial təminatı baxımından mühüm göstəricidir. O, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarətdir. Bu göstərici aztəminatlı ailələrə sosial yardımın müəyyənləşdirilməsində, eləcə də gəlirlərin vergiyə cəlb olunmayan həddinin hesablanmasında əsas meyardır”, – deyə Əmirov bildirib.
Eldəniz Əmirov gəlir vergisi sahəsində də mərhələli dəyişikliklərin nəzərdə tutulduğunu deyib:
“Qeyri-neft və qeyri-dövlət sektoru üçün gəlir vergisi 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildə isə 7 faiz olacaq. Bu sektorda 2500 manata qədər gəlir 7 faiz, 8000 manata qədər 10 faiz, 8000 manatdan yuxarı isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Amma gələn il üçün əsas dərəcə 3 faiz səviyyəsində qalacaq".
Ekspert həmçinin vurğulayıb ki, 2026-cı il yanvarın 1-dən hibrid və elektrik mühərrikli avtomobillərin idxalı və satışına tətbiq edilən ƏDV güzəşti bitəcək.
“Bu addım avtomobil bazarına müəyyən dərəcədə təsir göstərə bilər. Lakin məqsəd ekoloji nəqliyyat vasitələrinin güzəştli dövrünü mərhələli şəkildə tamamlamaq və bazarı sabitləşdirməkdir”, – deyə Əmirov qeyd edib.
Minimum əməkhaqqının isə gələn il artırılmayacağını deyən iqtisadçı bildirib ki, bu, gözlənilən qərardır:
“Adətən minimum əməkhaqqı iki ildən bir artırılır. Odur ki, növbəti artımın 2027-ci ilin 1 yanvarından etibarən baş verəcəyi, məbləğin isə 450–460 manat səviyyəsində müəyyən ediləcəyi ehtimal olunur".
Əli Hüseynov
Bakı 



