"Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Vətən müharibəsi qazilərinə əlilliyin təyin edilməsi və əlilliyin yeni meyarları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib.
"Yekun mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib”, - deyə A.Bayramov qeyd edib.
Nuranə Daxilqızı
















