"Çin Azərbaycanın beynəlxalq sferada artan rolunu çox yaxşı başa düşür və müsbət qiymətləndirir".
Bunu Azərbaycan-Çin münasibətlərinin stabilliyinə təsir edən mümkün amilləri dəyərləndirən politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusən də müasir dövrdə Azərbaycan-Çin münasibətləri ölkəmizin xarici siyasətində xüsusi istiqamət kimi xarakterizə olunmalıdır. Politoloq qeyd edib ki, Azərbaycanın Çinlə münasibətləri ABŞ və Qərb ölkələri ilə münasibətindən fərqlidir:
“Azərbaycan-Çin münasibətləri daha stabildir. ABŞ, Fransa, Rusiya, İran və Almaniya ilə Azərbaycanın münasibətlərində zaman-zaman xaotik enmələr müşahidə olunur. Lakin Çinlə münasibətimizdə bu hal yaşanmır. Çünki Çin Azərbaycanla daha çox iqtisadi əməkdaşlığa üstünlük verir və Cənubi Qafqazda baş verən siyasi proseslərə müdaxilə etmir".
Kənan Novruzov: Çin Azərbaycanla daha çox iqtisadi əməkdaşlığa üstünlük verir
Müsahibimiz hesab edir ki, Çin məsələlərə praqmatik yanaşır. Pekin hazırda böhranlarla dolu geosiyasi müstəvidə Bakının hansı təsir rıçaqlarına malik olduğunu bilir.
"O cümlədən, Çin ölkəmizin Ankara, Moskva, Tehran və Vaşinqtonla münasibətlərini nəzərə alır. Çinlə ABŞ arasında gedən iqtisadi müharibə fonunda Pekin Azərbaycanla əməkdaşlığa daha çox önəm verir”.
“Çin Azərbaycanın rolunu daha yaxşı anlamağa başlayıb. Hazırkı əməkdaşlıq bundan sonrakı dövrdə də davam edəcək və yeni müstəviyə daxil olacaq", - Kənan Novruzov əlavə edib.
Gülşən Şərif