Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin müəllimi Arzu Şükürovaya göstərdiyi fədakar əməyə görə təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə yayılan paylaşımda Arzu Şükürovanın həftədə iki dəfə Xankəndiyə gedərək dərs keçdiyi və həmin gün Bakıya qayıtdığı qeyd olunur.
O, səhər saat 07:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşdüyünü, 13:00-da Xankəndiyə çatdığını, dərsini başa vurduqdan sonra isə 17:30-da Bakıya qayıtdığını bildirib. Müəllim gecə saat 23:30-00:00 radələrində Bakıya çatdığını, evə gedənə qədər isə yolunun təxminən 01:30-a kimi uzandığını qeyd edib.
Nazir müəllimin fədakar fəaliyyətini yüksək qiymətləndirərək paylaşımın altına, “Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!” - sözləri ilə rəy yazıb.
Zeynəb Rzayeva
Bakı 





