Xalq artisti Emin Ağalarov Kalininqradda keçirilməsi planlaşdırılan konsertinin təxirə salınmasının səbəbini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "RBK"ya danışan Ağalarov konsertinin "iş qrafikində dəyişiklik" səbəbindən təxirə salındığını bildirib.
"Bu məkan regionda ən populyardır, ona görə də biz yaxın tarixləri razılaşdıra bilmədik. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik. Mən Svetloqorska gəlməyi çox istəyirəm. Konsert mütləq 2026-cı ildə baş tutacaq", - deyə müğənni qeyd edib.
Qeyd edək ki, konsert iyulun 6-da Kalininqrad vilayətinin Svetloqorsk şəhərindəki Yantar zalında baş tutmalı idi. Şou-proqram 5 iyul 2026-cı ilə qədər təxirə salınıb.
Bundan əvvəl Rusiya Mədəniyyət Nazirliyi Azərbaycan vətəndaşlarının Rusiyada mədəni tədbirlərdə iştirakına qadağa qoyulmasını təkzib etmişdi.
“Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovanın “Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının ərazisində mədəni tədbirlərdə iştirakının və musiqi məzmununun yayılmasının məhdudlaşdırılması ilə bağlı tövsiyələrin təsdiq edilməsi haqqında” əmr imzalaması barədə yayılan məlumat tamamilə yanlışdır”, - deyə idarədən bildirilmişdi.
***13:15
Xalq artisti Emin Ağalarovun 3 gün sonra Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konserti təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə instaqramda “Emin_live” səhifəsində poster paylaşılıb.
Posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunub. Həmçinin bildirilib ki, alınmış biletlər həmin konsert üçün etibarlı olacaq. Amma zərurət yaranarsa, satış nöqtələrinə geri qaytarıla da bilər.
Ehtimal olunur ki, konsertin təxirə salınması ilə bağlı qərar ötən gün Rusiyada Emin Ağalarovun atası, milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına başlanılması xəbərinin yayılmasından sonra verilib.
E.Ağalarovun rəsmi sosial şəbəkə hesablarında isə bu haqda hər hansı paylaşım edilməyib.