“10 min addıma çatmasanız da narahat olmayın, fayda 6 min addımdan başlayır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Həkim bildirib ki, insanların gündəlik 10 min addım hədəfinə çatmadıqda narahat olmalarına ehtiyac yoxdur. Onun sözlərinə görə, aparılan araşdırmalar fiziki aktivliyin sağlamlığa faydasının daha aşağı addım sayından başladığını göstərir.
“Bəzən insanlar 10 min addıma çatmayanda narahat olurlar. Tədqiqatlar sübut edib ki, sağlamlığa fayda 6 min addımdan başlayır. 6 minə çatdınızsa, bilin ki, orqanizm bunun faydasını alıb”, – deyə E.Məmmədov qeyd edib.
Qastroenteroloq 60 yaşdan yuxarı şəxslər üçün gündəlik minimum 6 min addımın, daha gənc insanlar üçün isə 8-10 min addımın ideal hədəf olduğunu bildirib.
O vurğulayıb ki, uzunmüddətli tədqiqatların nəticələrinə əsasən, gündə 8-10 min addım atan insanlarda ürək-damar sistemi və metabolik sağlamlıqla bağlı göstəricilər daha yaxşı olur, bir sıra ciddi xəstəliklərdən ölüm riski isə daha aşağıdır.
Həkim sonda insanlara gündəlik gəzintini vərdişə çevirməyi tövsiyə edib.
Zeynəb Rzayeva




