• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı musiqi platformalarından silindi

MƏDƏNİYYƏT

24 Iyul 2024 | 18:33

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı musiqi platformalarından silindi

Erməni ifaçısı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus "Qarabağ" mahnısının musiqisi əsasında çəkdiyi klip "Youtube"dan sonra digər bütün musiqi platformalarından silinib.

Bu barədə Bakıvaxtı.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə "Youtube" administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi "Sirun jan" adlı mahnı "Youtube" tərəfindən "Youtube" platformasından və "CD BABY" distribütor şirkəti tərəfindən isə "Youtube Music", "Spotify", "Apple Music", "Amazon Music", "Deezer" və digər rəqəmsal musiqi platformalarından silinib.

"Bundan başqa, Harout Pamboukjianın ifa etdiyi "Aghji jan" mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı "Youtube" tərəfindən eyniadlı platformasından silinib. Bununla da "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması "Youtube" rəhbərliyi və "Youtube Music", "Spotify", "Apple Music", "Amazon Music", "Deezer" və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "Youtube" platformasında yerləşdirilmişdi.


SON XƏBƏRLƏR

29 Oktyabr 2024