“Hindistanın Ermənistanı silahlandıran müqavilələrdə Fransa ilə paralel aktivlik göstərməsi Cənubi Qafqaz regionunda geosiyasi mübarizənin çalarlarını tündləşdirir”.
Bunu Bakıvaxtı.az-a analitik Aqşin Kərimov bildirib.
Ekspert qeyd edib ki, Hindistanla Fransanın Ermənistan üzərindən imperativlər qurmaq və üçtərəfli əməkdaşlıq xəttini irəlilətmək niyyətləri Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, regionda Çinin güclənən mövqeləri və Azərbaycan-Türkiyə-Pakistan xəttinə qarşı əlaqələri vurğulayır:
“Regionda Fransa ilə Hindistanın birgə dizayn üçün strateji maraqlar qurması şübhəsiz ki, Azərbaycanın yaratdığı reallıqları geri oxutmaq cəhdlərinin bir hissəsidir. Fransa ilə Hindistanı yaxınlaşdıran başqa bir məqam isə onların hər ikisinin Hind-Sakit Oekan strategiyasında oxşar istiqamətlər hazırlamasıdır. Həmin regionda sövdələşmələr və əməkdaşlıq uğurla davam edərsə, hər iki dövlət eyni məntiqi Cənubi Qafqazda da davam etdirmək istəyəcəklər.
Ermənistan isə bu məsələdə söz sahibi olmadığından o, strateji uyğunlaşdırma həyata keçirmək potensialından məhrumdur”.
Müsahibimiz qeyd edib ki, ona görə də, Azərbaycan böyük ölçüdə qlobal maraqları olan güclərlə mübarizə aparır və getdikcə onlara qarşı uğur formulunu inkişaf etdirir:
“Birincisi ona görə ki, Azərbaycan Ermənistanın daha sıx və strateji silahlanmasına imkan verən kanallara əhəmiyyətli müdaxilələr edir.
İkincisi, Azərbaycanın strateji müttəfiqlik və tərəfdaşlıq əlaqələrinin dinamikası regionda Fransa ilə Hindistanın ambisiyalarını neytrallaşdırır.
Üçüncüsü, ümumiyyətlə Ermənistana verilən silahlar regional situasiyanı İrəvanın xeyrinə dəyişdirmir, əksinə həmin silahların lokasiyası onları legitim hədəfə gətirir”.
Aqşin Kərimov, analitik
A.Kərimov hesab edir ki, Ermənistan hərbi eskalasiya variantını seçsə, o zaman Azərbaycan İrəvanda olan xarici silahlar arsenalını da vuracaq:
“Bu, variant isə Fransa və Hindistanın geosiyasi profilinə qarşı əhəmiyyətli zərbə kimi diqqətə alına bilər. Bunu Fransa və Hindistan da anlayır, lakin onların məqsədləri üçün müəyyən dərəcədə Azərbaycan-Ermənistan əlaqələrinin hərbi eskalasiyaya doğru pisləşməsini istəyirlər”.
Aydın Baxış