6 may 2025-ci il tarixində Hindistan ordusunun Pakistan ərazisinə həyata keçirdiyi hava zərbələri bir anda regionun diqqət mərkəzinə çevrildi.
Rəsmi məlumatlara görə, hücum nəticəsində 26 nəfər həlak olub, 46 nəfər yaralanıb. Bu insident iki nüvə silahına sahib qonşu ölkə arasında növbəti gərginlik dalğası kimi qiymətləndirilsə də, əslində, hadisənin arxa planında daha böyük güclərin maraqları və strateji oyunları dayanır. Hindistanın bu addımı yalnız təhlükəsizliklə bağlı deyil, həm də siyasi və geosiyasi kontekstlə izah olunmalıdır. Çünki regionda artan Çin təsiri, Pakistan-Çin yaxınlığı və Hindistanın Qərb dəstəyi ilə mövqe axtarışı Cənubi Asiyada güc balansını yenidən formalaşdırır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, mayın 6-da Hindistanın Pakistan ərazisinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfərin həlak olması və 46 nəfərin yaralanması regional təhlükəsizlik balansını bir daha gündəmə gətirdi. Hərbi müstəvidə baş verən bu hadisə ilk baxışda lokal xarakter daşısa da, əslində daha geniş və strateji bir oyunun parçasıdır:
"Əvvəla, bu qarşıdurma davamlı bir müharibəyə çevriləcək mahiyyət daşımır. Tərəflərin açıqlamaları, beynəlxalq reaksiyalar və hərbi zərbənin konkret hədəfli olması göstərir ki, bu daha çox mesaj xarakterli, taktiki bir addımdır. Bununla belə, bu cür hadisələrin təkrarlanması, xüsusilə seçki dövründə və ya daxili siyasi sabitlik pozulduqda, gözlənilən haldır".
Əziz Əlibəyli, politoloq
Onun sözlərinə görə, hadisədən sonra Hindistana müxtəlif regional və Qərb dairələrindən kifayət qədər dəstək göstərilməsi, onun yalnız Pakistanla deyil, Çinlə geopolitik qarşıdurmaya hazırlanmasının təzahürüdür:
"Hindistan son illər ABŞ, Yaponiya və Avstraliya ilə birlikdə "Quad" formatında Çinə qarşı strateji balans yaratmaq məqsədilə əməkdaşlıq edir. Bu baxımdan, Hindistanın Cənubi Asiyada güc nümayiş etdirməsi yalnız Pakistanı hədəf almır. Pakistanın son illər Çinlə hərbi və iqtisadi bağlarını daha da gücləndirməsi, xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) layihəsi vasitəsilə Hindistanı ciddi narahat edir. Bu ittifaq Cənubi Asiyada geosiyasi çəkiləri dəyişməkdədir. Digər tərəfdən, son hadisə Hindistanın hərbi və texnoloji potensialına olan gözləntilərin bir qədər şişirdilmiş olduğunu da göstərdi. Hava zərbələrinin texniki baxımdan məhdud effektivliyi və siyasi nəticələrinin zəif olması, Hindistanın "inkişaf etmiş güc" obrazının hələ tam formalaşmadığını nümayiş etdirir".
Müsahibimiz qeyd edib ki, bu hadisəni davamlı müharibəyə aparacaq bir yol kimi görmək olmaz:
"Hazırda baş verənlər bir güc nümayişi və qarşı tərəfə balans siqnalıdır. Hindistan, dəstəkləndiyini və əhatə dairəsini genişləndirdiyini göstərmək istəyir. Pakistan isə Çinin kölgəsində, amma öz sərhədlərini qorumaq niyyətindədir. Cənubi Asiyada baş verən bu hadisə göstərdi ki, artıq lokal münaqişələr belə qlobal güclərin maraq və niyyətlərindən kənar inkişaf etmir. Bu səbəbdən də, Hindistan-Pakistan münasibətlərini Çinin yüksəlişi, Qərbin bölgəyə baxışı və yeni dünya düzəni fonunda oxumaq vacibdir".
Əli Hüseynov