Konklav səsvermənin ilk günündə yeni Roma Papasını seçə bilməyib.
Kapellanın bacasından qara tüstü buraxılıb və bu, Katolik Kilsəsinin yeni liderinin seçilməsi üçün keçirilən səsvermənin ilk turunda Papanın seçilə bilmədiyini göstərir.
Səsvermə təxminən 4 saat əvvəl başlayıb və 133 kardinal Roma Papasının seçilməsi prosesinə qatılıb.
Onlar növbəti səsvermə üçün mayın 8-i səhər yenidən Sikstin Kapellasına qayıdacaqlar. Kardinallar yeni pontifik seçə bilsələr, bacadan ağ tüstü çıxacaq.
Bu proses yekdil qərar qəbul olunmasını simvolizə edir.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.
**21:33
80 yaşadək 133 kardinal konklavın – Roma Katolik Kilsəsinin yeni başçısının seçiləcəyi qapalı kardinal məclisin keçirildiyi Sikstin kapellasına daxil olub. “Extra omnes” (“hamı bayıra”) elan edilmiş formula ilə hər biri papa taxtına namizəd ola bilən kardinal-seçicilər xarici dünyadan təcrid olunublar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Kapellada mobil və digər rabitə vasitələri söndürülüb. Məlumatları yaymamaq barədə and içdikdən sonra (mərasim “Vatican News” portalı tərəfindən yayımlanıb) artıq bağlı qapılar arxasında günün sonunadək ilk və yeganə səsvermə keçiriləcək.
Səhər Müqəddəs Pyotr kilsəsində konklavın uğuru naminə təntənəli messa keçirilib, ona yaşına (91) görə konklavda iştirak etməyən kardinallar kollegiyasının dekanı Covanni Battista Re başçılıq edib. O, öz moizəsində zamanın çətinliyini və bu anda kilsədən və “cəmiyyətin vicdanını oyatmalı olan” Roma Papasından böyük gözləntiləri qeyd edib.
Konklavda iştirak edən 133 kardinaldan 52-si avropalıdır. Fransiskin dövründə dövlət katibi (hökumət başçısı) vəzifəsini tutan italyan Pietro Parolin və İtaliya Yepiskoplar Konfransının rəhbəri Matteo Zuppi müəyyən dəstəyə malikdirlər.
Müqəddəs Pyotr meydanında inanclılar Sikstin kapellasında quraşdırılmış bacanın borusundan çıxan tüstünü görmək üçün toplaşırlar. Məhz ağ tüstü seçimin edildiyini xəbər verir. Təhlükəsizliyi təmin edən Roma iqtidarının məlumatına görə, meydanda 250 min nəfərədək insan gözlənilir. Bu, təxminən aprelin 26-da Roma Papası Fransiskin dəfn mərasiminə gələnlərin sayı qədərdir. Təhlükəsizliyin təmin edilməsinə 4 min polis və hərbçi, üç min könüllü cəlb edilib.