“Zəngəzura yerləşmək uğrunda gedən mübarizə İrəvanın Azərbaycanın əl-qolunu bağlamaq, Zəngəzur məsələsində özlərini müdafiə etmək təşəbbüsləridir”.
Bunu siyasi şərhçi Əhəd Məmmədli Fransanın Gorusda konsulluq agentliyi açmaq istəyini şəhr edərkən Bakıvaxtı.az-a deyib.
Ekspertin sözlərinə görə, məhz bu məqsədlə Avropa İttifaqının "mülki missiyası"nın nümayəndələri Azərbaycan-Ermənistan şərti sərhədlərinin yaxınlığında yerləşdirilib:
"İrandan sonra Fransanın da Zəngəzura konsulluq adı ilə yerləşmə cəhdləri Azərbaycanın Zəngəzur iddiası ilə bağlıdır. Ermənistan hökuməti və onlara dəstək verən dairələr Azərbaycanın Zəngəzur cəbhəsində irələməsinə imkan verməmək, mane olmaq istəyirlər. Aİ "missiyası"nın da fəaliyyətinin qayəsi budur. Guya Aİ-nin şərti sərhədlərdə olması Azərbaycanın qarşısını alır. Ona görə Ermənistan hökumət konsulluq məsələsində İrandan sonra Fransaya "yaşıl işıq"yandırıb”.
Bəs Rusiyaya niyə rədd cavabı verilib? Müsahibimiz hesab edir ki, Rusiya İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın etimadını, güvənini itirib:
“İnanmırlar ki, sabah Azərbaycan Zəngəzura girsə, Rusiya onları qoruya biləcək. Görünür, hələlik Fransa və İrana inamları daha çoxdur".
Əhəd Məmmədli: Rusiya İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın güvənini itirib
Analitikə görə, istənilən halda Ermənistana və onun havadarlarına konkret mesaj verilməlidir ki, Zəngəzurda hansı ölkənin konsulluq açmasından asılı olmayaraq, Azərbaycan öz haqlı iddialarından vaz keçməyəcək:
"Bu cür təşəbbüslər Ermənistanın xilası ola bilməz. Ermənistanın konsulluq vasitəsi ilə şərti sərhədlərdə "bufer zona", "müdafiə divarı" yaratmaq cəhdi əbəsdir".
Qeyd edək ki, Fransa Gorusda konsulluq agentliyi açacaq. Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib ki, tezliklə Gorusda Mərkəzləşdirilməmiş Əməkdaşlıq üzrə 5-ci Konfrans keçiriləcək. Nazirin sözlərinə görə, bu, Fransa və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasından əvvəl yaranmış çox mühüm əməkdaşlıqdır:
"Bu həm də Sunikdə baş verənlərin siyasi əlamətidir".
Fransa xarici işlər naziri onu da vurğulayıb ki, Ermənistan və Fransa uzunmüddətli tərəfdaşlıq öhdəliyi götürdükləri üçün bu gün bir neçə sənəd imzalanıb.
Rusiya da Zəngəzurda konsulluq açmaq niyyətində olduğunu bildirib və İrəvana bununla bağlı müraciət edib. "Hraparak" qəzeti isə iddia edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri Rusiyanın Zəngəzurda konsulluq açmaq məsələsini həll etməyib. Qəzetin yazdığına görə, bu ərazidə Rusiyanın konsulluğu açılmaya bilər. 2022-ci ildən etibarən Qafan şəhərində artıq İranın konsulluğu fəaliyyət göstərir, görünən odur ki, yaxın günlərdə isə Gorusda Fransanın konsulluğu açılacaq.
Aydın Baxış