• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paşinyan “erməni mifi”ni dağıtmaq istəyir - Metyu Brayzadan AÇIQLAMA

SİYASƏT

08 Fevral 2024 | 13:52

Paşinyan “erməni mifi”ni dağıtmaq istəyir - Metyu Brayzadan AÇIQLAMA

“Ermənistanın Baş naziri Nikol Paşinyan açıq-aydın Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasına sadiqdir. Bu, sülh müqaviləsi ilə yanaşı, iki ölkə arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsinə dair razılaşmanı da əhatə edəcək”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O, Ermənistan Konstitusiyasının dəyişdirilməsi fonunda Bakı və İrəvan arasında sülh sazişinin əldə edilməsi məsələsinə münasibət bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasının istinad edildiyi Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında Qarabağla yanaşı Türkiyənin şərq torpaqlarına iddia mövcuddur. Məhz bu məsələni gündəmə gətirən erməni nazir ərazi iddiasının İrəvana problem yaradacağını bildirərək, yeni Konstitusiyanın vacibliyini vurğulayıb.

Məsələyə münasibət bildirən siyasi analitik isə söyləyib ki, dinc gələcəyə nail olmaq üçün Ermənistan Konstitusiyasına düzəlişlər edilməlidir ki, bu dövlətin Türkiyə və Azərbaycan ərazilərinə iddiası olmasın:

“Bir ölkə digərinin ərazisinə iddia etdiyi müddətcə, ölkələr arasında sülh ola bilməz. Lakin Paşinyanın sözügedən Konstitusiya dəyişikliyi prosesində uğur qazanıb-qazanmayacağı hələlik məlum deyil.

Aydındır ki, o, Ermənistan siyasətində uzun müddətdir mövcud olan mifi dağıtmaq istəyir. Hansı ki, bu mif Ermənistanın orta əsrlərdəki “Böyük Ermənistan” dövlətini diriltmək kimi tarixi missiyaya əsaslanır və Azərbaycanla istənilən sülh sazişinin bağlanılmasında güclü siyasi müqavimətlə üzləşir”.

Onun sözlərinə görə, ermənilərin adıçəkilən düşüncəsi artıq zəifləyir:

“Bu gün Ermənistanda siyasi və ictimai liderlər var ki, bu ideologiya ilə nəyisə etməyə çalışsalar da, artıq onun heç bir mənası yoxdur. Amma digər bir məsələ isə budur ki, Ermənistanda hələ də bu ideologiyaya inanmaq istəyən insanlar Paşinyanı devirmək niyyəti güdüb onu alt-üst etməyə çalışırlar. Baş nazir Paşinyan isə öz növbəsində, Konstitusiya dəyişikliyi prosesini irəli aparmaqla Azərbaycanla barışıq əleyhdarlarına məhz bu yolla meydan oxuyur”.

Brayza bildirib ki, əslində, İkinci Qarabağ müharibəsindən qısa müddət sonra - 2021-ci il iyun seçkilərində onun siyasi hərəkatı qalib gələndə hər şey bəlli idi. İndi onun populyarlığı azalsa da, Baş nazir hələ də Ermənistan siyasətində ən həlledici liderdir.

“Paşinyanın Konstitusiyaya dəyişiklik prosesi ilə ölkədə uğur qazanıb-qazanmayacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil, amma ümid edirəm ki, bu, Azərbaycanla davamlı sülhə gətirib çıxaracaq. O cümlədən 10 noyabr tarixli bəyanatda razılaşdırıldığı kimi, həm Azərbaycan, həm də Türkiyə ilə nəqliyyat və ticarət əlaqələrini açmaqla Ermənistan regional iqtisadiyyata yenidən inteqrasiya edə biləcək”, – deyə Metyu Brayza fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026