Ermənistan Xarici İşlər Nazirliyi Minsk prosesini yenidən gündəmə gətirib.
Bakıvaxtı.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Minsk prosesinin davam etdirilməsi məsələsinə İrəvan ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər:
“Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən əvvəl sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”.
Minsk məsələsinin yenidən gündəmə daşınmasına dair cəhdlər əlbəttə, suallar, nidalar doğurmaya bilməz.
Bakıvaxtı.az olaraq sözügedən məsələ ilə bağlı analitik Elçin Xalidbəyli ilə əlaqə saxlayıb. E.Xalidbəyli saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycan dövləti Minsk qrupunun fəaliyyətinin ləğv olunduğunu rəsmən bəyan edib:
“Rəsmi Bakı Minsk qrupu ilə əməkdaşlıq etmək niyyətində deyil. Çünki Azərbaycan Qarabağı tam azad edib. Azərbaycan öz ərazi bütövlüyünü, bütün əraziləri üzərində suveren hüquqlarını bərpa edib. Bundan sonra Minsk qrupunun fəaliyyəti üçün predmet sayıla biləcək hər hansı məsələ qalmayıb”.
Müsahibimiz qeyd edib ki, növbəti mərhələlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi davam edəcək və bu proses Minsk qrupunun müdaxilə və ya iştirakı olmadan aparılacaq. Çünki Azərbaycan Ermənistanla sülh sazişini kənar vasitəçilərin iştirakı olmadan, birbaşa təmaslarla müzakirə etmək fikrindədir:
“Bu mənada Minsk qrupunun yenidən Cənubi Qafqazda hansısa geopolitik prosesə, sülh prosesi və ya regional xarakterli proseslərə müdaxilə etmək imkanları sıfıra bərabərdir".

Elçin Xalidbəyli: Azərbaycan Ermənistanla sülh sazişini kənar vasitəçilərin iştirakı olmadan müzakirə etmək fikrindədir
E.Xalidbəyli hesab edir ki, böyük ehtimalla sülh sazişinin imzalanmasından bir qədər əvvəl Azərbaycan və Ermənistan birgə şəkildə Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət göndərə bilərlər. Artıq bu istiqamətdə rəsmi Bakının təklifi var. Rəsmi İrəvanın da reaksiyasından belə görünür ki, Ermənistan rəsmi Bakının təklifini qəbul etməyə meyilli mövqeyə yaxınlaşır.
"Bu mənada ATƏT-in Minsk qrupunun həmsədrlərinin yenidən Cənubi Qafqazda sülh masası arxasına keçmə ehtimalı yoxdur, artıq bu təşkilat tarixin arxivinə köçmək üzrədir”, -- deyə Elçin Xalidbəyli əlavə edib.
Aydın Baxış













jpg-1726305522.webp)


