• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Ermənistanın təxribatları: Azərbaycan ciddi hərbi əməliyyatlarla cavab verə bilər

SİYASƏT

16 Aprel 2024 | 09:30

Ermənistanın təxribatları: Azərbaycan ciddi hərbi əməliyyatlarla cavab verə bilər

Ermənistan tərəfindən sərhəddə təxribatlar davam edir.

Bakıvaxtı.az-ın məlumatına görə, Ermənistan tərəfi təxribat cəhdlərini inkar etməyə çalışsa da, rəsmi Bakının tutarlı arqumentləri və beynəlxalq təşkilatlara müraciəti sayəsində etiraf etməyə məcbur qalır.

Görünən odur ki, erməni tərəfini təxribatlara təhrik edən kənar güclər var. Şərti sərhədlərdə baş verən insidentlərin Fransanın təhriki ilə olması şübhə doğurmur. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti heç kimə sirr deyil. Rəsmi Paris istər 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli razılaşmadan, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ciddi narahatlıq keçirərək regionda diplomatik aktivliyini artırıb. Bu təxribatlar Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsidir və onun sülh müqaviləsinin imzalanmasından yayınmasını sübut edir.

Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi təxribatlara Azərbaycanın hansı formada cavab verəcəyini çox yaxşı bilir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ardıcıl təxribatlara qarşı ciddi hərbi əməliyyatlara start verə bilər:

"Hətta Ermənistana qarşı atılacaq addımlarda Türkiyə və Rusiyanın da iştirakı mümkündür. Ancaq məsələ ondadır ki, Azərbaycan tərəfi Ermənistanın təxribatları hansı niyyətlə törətdiyinin fərqindədir. Məqsəd ölkəmizi təhrik etmək, insident yaratmaqla qarşıdurmanın miqyasını genişləndirməkdir. Ermənistanı da buna sövq edənlər Fransa kimi Qərb ölkələridir. Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra təxribatların çoxalması da bunun bariz nümunəsidir. Ona görə də Azərbaycan ciddi hərbi əməliyyatlara başlamağa tələsmir. Daha doğrusu, rəsmi Bakı sülh danışıqları gedən mərhələdə Azərbaycan-Ermənistan arasında münaqişənin yenidən başlanmasını istəmir, bunun qarşısını almaq üçün mühüm təşəbbüslər göstərir".

Fuad Abbaov: Təxribatlar Ermənistanın başda Fransa olmaqla bəzi dövlətlər tərəfindən silahlandırılmasının nəticəsidir

Analitik təəssüflə qeyd edib ki, İrəvan adekvat davranmır və Qərbin sülh prosesini pozan oyunlarına alət olmağa davam edir. Müsahibimiz qeyd edib ki, ötən ilin sentyabrından aprel ayınadək Azərbaycan-Ermənistan şərti sərhədlərində atışma qeydə alınmamışdı. Bu, sülh istiqamətində müsbət proses kimi dəyərləndirilirdi:

 “Ancaq Brüssel görüşündən sonrq birbaşa Qərbin çağırışlarına uyan Ermənistan tərəfi şərti sərhədlərdə təxribatları artırdı”.

“Bunun nə vaxtadək davam edəcəyi bəlli deyil. Əlbəttə, ermənilərin təxribatları daha da çoxalarsa, buna göz yummayacağıq", - deyə Fuad Abbasov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2024