Bir neçə gün öncə Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsinin hakim "Gürcü Arzusu" Partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbul etməsi etirazlara səbəb olub. Gürcüstanda qərbyönümlü fəallar, QHT, KİV və partiyalar bu qanunun qəbul edilməsinə mane olmağa çalışıblar. Hətta ölkə üzrə 30 təhsil müəssisəsinin tələbələri də tətil elan edərək, sözügedən sənədin qəbuluna qarşı çıxıblar.
Gürcüstanda yaşanan vəziyyətlə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bakıvaxtı.az-a müsahibə verib.
- Xəyal bəy, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun niyə etiraz doğurub?
- Gürcüstanda 40-50 minə yaxın qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Onların əksəriyyəti xarici qrantlar hesabına yaranıb. Bu cür təşkilatlar bir dəfə acı nəticəsini göstərib və Gürcüstanda "Qızılgül inqilabı" yaşanıb. Ölkə bununla bağlı böyük təlatümlər yaşamışdı. Gəlirlərin 20 faizindən çoxunun xarici qrantlar hesabına formalaşması fonunda
ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından xarici agent kimi qeydiyyatdan keçirilməsi məsələsi əsas amilə çevrilib. Ona görə də bu qanunu mürtəce qanun hesab edirlər və qeyri-hökumət təşkilatlarının, ümumilikdə vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanun kimi qələmə verməyə çalışırlar.
- Maraqlıdır ki, bu qanun dünyanın bir sıra ölkələrində tətbiq olunub. Gürcüstanla həmin ölkələrin qəbul etdiyi qanun arasında hansı fərqlər var?
- Uzun müddətdir ki, Gürcüstanda "Xarici agentlər haqqında qanun"un qəbul edilməsi ilə bağlı müzakirələr gedirdi. Bu məsələ parlamentdə iki dəfə müzakirəyə çıxarılmışdı və iki mərhələdən keçmişdi. Bundan öncə də bir dəfə hakim "Gürcü Arzusu" Partiyası məsələni qaldırmışdı, amma kənar qüvvələrin təsiri nəticəsində qərar geri götürülmüşdü. Hazırda Gürcüstanın baş naziri İrakli Kobaxidzenin rəhbərliyi altında qanun artıq üçüncü mərhələdən də keçərək təsdiqlənib. Bu, qanunun qəbul edildiyini göstərir. Sözügedən qanun Gürcüstanın indiki mərhələdə özünün müstəqilliyinə sertifikat qazanması kimi qəbul olunmalıdır. Çünki Gürcüstan parlamenti hər hansısa qərar qəbul etmək istəyəndə kənar qüvvələr dərhal müdaxilə edirlər və ölkədəki insanları etiraza çağırırlar. Həmin qüvvələr bu yolla hökumətin fəaliyyətinə mane olmağa çalışırlar.
Müqayisə aparsaq, Gürcüstan qanununda sözügedən qaydanı pozan qeyri-hökumət təşkilatları və ya şəxslərlə bağlı hansısa ciddi məsuliyyət tədbiri nəzərdə tutulmayıb. ABŞ-də isə bununla bağlı böyük məbləğli cərimələr və azadlıqdan mərhumetmə cəzaları tətbiq olunur. Gürcüstanda qəbul olunan qərarda konkret olaraq göstərilir ki, rüblük gəlirinin 20 faizdən artığı xarici qrantlar hesabına formalaşan qeyri-hökumət təşkilatları mütləq şəkildə xarici agent kimi qeydiyyatdan keçməlidir. ABŞ-də demokratik hesab olunan bu qanunda isə konkret hal nəzərdə tutulmadan, xarici təsirlər və təzyiqlər altında fəaliyyət göstərən istənilən qeyri-hökumət təşkilatının xarici agent kimi qeydiyyatdan keçməsi vacibdir. Yəni Gürcüstan qanununda manipulyasiya etmək üçün şərait yaradılmayıb. ABŞ qanunu ilə istənilən təşkilatın üzərinə bu ləkəni yaxmaq olar və istənilən təşkilat cəzalandırıla bilər.
- Qanun çərçivəsində Avropa Parlamentinin deputatları Gürcüstana qarşı hədəflənmiş sanksiyaların hazırlanması məsələsini gündəmə gətirib. Sizcə, bu qanunun qəbulu Gürcüstan üçün hansı təhlükələr yarada bilər?
- Bu gün xarici qüvvələr Gürcüstan və Ermənistan vasitəsilə gələcəkdə Rusiyaya qarşı Cənubi Qafqazda dayaqlarını möhkəmləndirmək istəyirlər. Bu qüvvələr istənilən qanuna qarşı çıxa və dövlətin atdığı addımda nöqsan tapa bilərlər. Sözügedən kənar qüvvələr demokratiya anlayışını əsas gətirərək, Gürcüstan hökumətinə ilişə bilərlər. Lakin Gürcüstan prinsipiallıq nümayiş etdirərək qanunu qəbul edib. Bu isə həmin qüvvələrin Gürcüstana qarşı hücuma keçməyinə səbəb ola bilər. Bu hücumlardan biri Gürcüstanın Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmasına mane olmaqdır. Gələcəkdə Gürcüstana qarşı Aİ-na qarşı üzvlüklə bağlı namizədliyini tamamilə geri götürməsi, Avropa Şurası Parlament Assambleyasında və digər Avropa təşkilatlarında Gürcüstana qarşı müəyyəna addımların atılması, Avropa İttifaqı ilə bağlı viza tələblərinin yenidən tətbiq olunması, hətta sanksiyaların tətbiq olunması gündəmə gələ bilər.
Qeyd edək ki, "Xarici agentlər haqqında qanun" ilk nümunə kimi 1938-ci ildə ABŞ-də də qəbul edilib. Bu qanun hələ də "Xarici Agentlərin Qeydiyyatı Aktı" (FARA-Foreign Agents Registration Act) adı ilə bu gün də mövcuddur. Həm də onun əhatə dairəsi indi daha da genişləndirilib.
Gülşən Şərif