Son zamanlar cəmiyyətdə stressin artması insanların psixoloji sağlamlığının ciddi şəkildə zəifləməsinə səbəb olur. Gərgin həyat tərzi, sosial və maddi problemlər bir çox insanı daimi psixoloji təzyiq altında saxlayır.
Məhz gündəlik həyatımızda - ictimai nəqliyyatda, iş yerində, növbələrdə, küçədə insanlar arasında baş verən aqressiv davranışlarda bunun açıq şəkildə şahidi oluruq. Nəticədə əsəbilik, təşviş, depressiya kimi hallar adi vəziyyətə çevrilir. Bu proses yalnız fərdi yox, bütövlükdə cəmiyyətin sağlamlığına mənfi təsir göstərən sosial problemdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Yusif Nəbiyev bildirib ki, müasir cəmiyyətdə stressin artması təkcə fərdi zəifliklə bağlı deyil, struktur problemlərin nəticəsidir:
"Ulrich Beck-in məşhur “risk cəmiyyəti” anlayışı bunu tam ətraflı izah edir. İnsanlar artıq sabitlik yox, daimi qeyri-müəyyənlik içində yaşayırlar. Sabah işin olub-olmaması, gəlirin ay sonuna yetib-yetməməsi, sosial statusun davamlı təhlükə altında qalması və s. kimi mütəmadi qayğılar psixoloji gərginliyi az qala normaya çevirir. Fərd hətta əsəbi xarakterli biri deyilsə belə, cəmiyyət onu əsəbi olmağa meyilləndirir”.
Sosioloqa görə, proses bu şəkildə davam edərsə, stress istisna yox, təəssüf ki, sosial norma olacaq. Dediyinə görə, xüsusən, qaydaların və sosial gözləntilərin qeyri-müəyyənləşməsi fonunda insanlarda məna çatışmazlığı və daxili boşluq yaranır. Bu da öz növbəsində depressiya, təşviş və emosional tükənməni qaçılmaz edir:
“Yəqin ki, diqqətinizdən qaçmayıb, artıq insanlar “yorğunam” deyəndə bu bizim üçün demək olar ki, bir problem kimi görünmür. Cavabında tez-tez "hamımız yorğunuq da" kimi ifadələr işlədirik".

Yusif Nəbiyev: Proses bu şəkildə davam edərsə, stress istisna yox, təəssüf ki, sosial norma olacaq
Müsahibimiz qeyd edib ki, bu gedişatın qarşısını almaq üçün məsuliyyəti yalnız fərdin üzərinə yükləmək düzgün deyil:
"Meditasiya, idman, pozitiv düşüncə və s. kimi tövsiyələr faydalıdır, amma yetərli deyil. Əsas məsələ sosial struktur və bu strukturun inşası yönündə aparılan siyasətdir. İş-həyat balansı, iqtisadi təhlükəsizlik, sosial dəstək mexanizmləri daim nəzarətdə saxlanılmalı olan indikatorlar olmalıdır. Sağlam cəmiyyət yaratmadan sağlam fərd gözləmək sadəlövhlükdən başqa bir şey deyil".
Aynur Babazadə
Bakı 



