• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

“Evimizi xəbərdarlıq etmədən sökürlər” – Nərimanov sakinləri etiraz edir - FOTO+VİDEO - YENİLƏNİB

HADİSƏ

23 Iyul 2025 | 16:34

“Evimizi xəbərdarlıq etmədən sökürlər” – Nərimanov sakinləri etiraz edir - FOTO+VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi 10B ünvanında yaşayan sakinlər evlərinin kompensasiya ödənilmədən sökülməsindən narazıdırlar.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, onların sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ərazi boşaldılır.

Məsələ ilə bağlı ADY-nin mövqeyini öyrəndik.

Qurumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən ciddi problemdir. Xüsusilə Abşeron dairəvi xətti, Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağı nəzərə alınmadan aparılan tikintilər dəmiryol infrastrukturu üçün təhlükə yaradır.

Məlumatda qeyd olunub ki, dəmiryol xətti çəkilərkən mühafizə zolağı mütləq şəkildə ayrılır və bu zolağın eni 20 metrdən 100 metrədək, bəzi yerlərdə isə daha geniş olur. Yanğın təhlükəsizliyi və qəza risklərinin qarşısının alınması məqsədilə bu zolaqların qorunması vacibdir.

Bildirilib ki, Azərbaycan Dəmir Yolları qanunsuz tikilən obyektlərlə bağlı davamlı monitorinq aparır və aşkar edilən hallarla bağlı müvafiq orqanlara məlumat verir.

Açıqlamada deyilir ki, qanunsuz tikililər dövlət layihələrinin icrasına mane olur. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Abşeron dairəvi marşrutu üzrə dəmiryol xətlərinin yenidən qurulması və təkmilləşdirilməsi planlaşdırılır, lakin qanunsuz tikililər bu işləri çətinləşdirir.

Həmçinin vurğulanır ki, sıx məskunlaşma sakinlərin həyatını riskə atır, qatarların qarşısına qəfil insan və heyvan çıxma hallarının artması faciəvi nəticələrə səbəb ola bilər. Bu vəziyyət qatarların sürətinin azalmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə də təsir edir.

Qeyd olunur ki, sutka ərzində orta hesabla 100 qatarla 700-800 min sərnişin daşınır və dəmir yolu xətlərinin təhlükəsizliyi üçün mühafizə zolaqlarının qorunması həyati əhəmiyyət daşıyır.

Əli Hüseynov

***

15:57

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi 10B ünvanında yaşayan sakinlər evlərinin kompensasiya ödənilmədən sökülməsindən narazıdırlar.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, onlar bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ərazi boşaldılır, lakin hər hansı rəsmi bildiriş və ya təzminat verilməyib.

Sakinlər bildirirlər ki, söküntü işlərinə iyulun 21-dən etibarən başlanılıb və artıq bir neçə gündür ki, proses davam edir. Yerli əhali iddia edir ki, onlara nə kompensasiya miqdarı, nə də köçürüləcəkləri alternativ yaşayış yeri barədə məlumat verilib.

“Heç bir sənəd göstərmədən gəlib evlərimizi sökürlər. İki gündür texnika işləyir. Nə kompensasiya verilib, nə də hüquqi əsas açıqlanıb,” – deyə sakinlərdən biri bildirib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, mülkiyyət hüququ yalnız ictimai ehtiyac halında məhdudlaşdırıla bilər və bu zaman öncədən ədalətli kompensasiya verilməsi məcburidir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Əli Hüseynov


SON XƏBƏRLƏR