"Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir. Ölkə prezidenti tərəfindən də məsələnin həlli ilə bağlı sərəncam da imzalanıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, məsələnin həll olunmamasının ciddi obyektiv səbəblər var. Deputat qeyd edib ki, amma bu məsələdə daha sürətli, məsləhətli və məşvərətli işin aparılması mümkündür.
R.Nurullayev bildirib ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesin iştirakçısı olmasında və mütəmadi olaraq görülən işlərlə bağlı da məlumatlar almasında fayda var. Amma, əsaslı və yenilənmiş məlumatlar tapmaq çətindir:
"Məsələnin daha da uzanmasının qarşısını almaq, mövcud problemlərə baxış keçirmək və aidiyyatı dövlət orqanları ilə birlikdə işləmək vacibdir. Bunun üçün də parlament üzvlərindən ibarət bir tərkib yaradıb məsələnin mövcud durumunu öyrənmək, müzakirələr aparmaq və təkliflər planının daha da təkmilləşdirilməsində fayda görürəm. Bu məsələləri burada qaldırırıq, söz olaraq qalır, görülən işlərlə bağlı da məlumatımız olmur. Onun üçün də məsələnin həlli yönümündə parlamentin də iştirakında fayda görürəm".
Mina Mikayılova