Fövqəladə Hallar Nazirliyi avtomobil şinlərinin satışı anbarında yanğın təhlükəsinin qarşısı alıb.
Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yaşayış sektorunun yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində keçirilən yoxlama tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində tikinti normalarının yanğın əleyhinə tələblərinin pozularaq avtomobil şinlərinin satışı anbarının fəaliyyət göstərdiyi aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sahibkar qarşısında obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər qoyulub və görülmüş tədbirlər nəticəsində avtomobil şinləri ərazidən daşınaraq yanğın təhlükəsi aradan qaldırılıb.
Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarlara və çoxmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə müraciət edərək binaların qeyri-yaşayış sahələrində tikinti normalarının yanğın əleyhinə tələblərinə zidd olan fəaliyyət növlərinin həyata keçirilməsinin yolverilməz olduğunu xatırladır.
Bakı 










