Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənni və aktrisası Firəngiz Rəhimbəyova vəfat edib.
Aktrisa ilə bağlı təəssüratlarını Bakıvaxtı.az-la bölüşən Azərbaycanın Xalq artisti Cahangir Novruzov ("Bəxt üzüyü" filmində milis rəisi) bu xəbərdən dolayı olduqca məyus və hüznlü olduğunu bildirib.
“Çox üzgünəm. Firəngizin xətrini dünyalar qədər istəyirdim. O, çox gözəl insan və sadiq dost idi. Onun ölümü məni çox məyus etdi. Heç gözləmirdim".
C.Novruzov deyib ki, F.Rəhimbəyovanın ölümü Azərbaycan mədəniyyəti, səhnəsi, vokal sənəti üçün ağır itkidir.
"“Bəxt üzüyü” çəkiləndə birlikdə çox gözəl günlər yaşadıq. Allah Ramiz Əzizbəyliyə rəhmət eləsin . Biz o filmə deyib gülə-gülə çəkilirdik, olduqca maraqlı xatirələrimiz var. Mən kulisdə yaşanılan əhvalatları indi danışa bilmərəm. Çünki bizim xatirələrimizin hamısı gülməlidir, lakin bu gün mən çox məyusam. Allah Firəngizə rəhmət eləsin, ailəsinə səbr versin!”, - deyə Cahangir Novruzov qeyd edib.
Nuranə Daxilqızı