İctimai nəqliyyatda və digər ümumi istifadə məkanlarında bəzi şəxslərin mobil telefonla yüksək səslə danışması, musiqiyə qulaq asarkən səsi maksimum həddə qaldırması və ya telefonun dinamikindən mahnı səsləndirməsi tez-tez narazılıq doğuran hallardan biridir. Bundan başqa, gecə saatlarında avtomobilində musiqiyə yüksək səs verib insanları narahat edənlər də az deyil.
Bu cür davranışlar ətrafdakı insanların rahatlığını pozmaqla yanaşı, ictimai davranış qaydalarına zidd hesab olunur.
Bəs bu kimi hallarla bağlı qanunvericilikdə hansı tələblər mövcuddur? İctimai asayişi və insanların dincliyini pozan şəxslər hansı hallarda məsuliyyətə cəlb oluna və onları hansı cəzalar gözləyə bilər?
Sahib Məmmədov, hüquqşünas
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Sahib Məmmədov deyib ki, qanunvericilikdə məsuliyyət yalnız avtomobildə yüksək səslə musiqi dinləməklə məhdudlaşmır:
“Yaşayış evlərində, küçələrdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 07:00-dək normadan artıq səs-küy yaratmaq, yüksək səslə musiqi səsləndirmək və müəyyən edilmiş desibel həddini aşan digər səslər inzibati məsuliyyət yaradır”.
Müsahibimiz qeyd edib ki, bu hallara görə fiziki şəxslər 150 manatdan 250 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 2 500 manatadək məbləğdə cərimə oluna bilərlər.
Elbrus İbrahimov, DİN Mətbuat Xidmətinin əməkdaşı
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Elbrus İbrahimov isə Bakıvaxtı.az-a bildirib ki, polis əməkdaşları tərəfindən məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilir:
“Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salan, məişət səs-küyünə qarşı mübarizə tələblərini müxtəlif üsullarla pozan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”.
“Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimlənir”, - deyə Elbrus İbrahimov əlavə edib.
Aynur Babazadə
Bakı 



