Xəbər verdiyimiz kimi, iyulun 31-də “HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Belə ki, onun Tehrandakı iqamətgahı raket atəşinə tutulub və təkcə Haniyə deyil, mühafizəçilərindən biri də öldürülüb.
Bu sui-qəsdin İran ərazisində baş verməsindən sonra İran hansı addımı atacaq?
Kazım Kazımov, Politoloq
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib ki, “HƏMAS”ın Siyasi Bürosus sədri İsmayıl Haniyənin Tehranda öldürülməsi İran dövləti üçün böyük şok idi və bunun prezidentin inaqurasiyası mərasimində həyata keçirilməsi ölkədə bir daha güvənliklə bağlı problemlərin olduğunu gündəmə gətirdi.
İranın sabiq prezidenti İbrahim Rəisinin helikopter qəzasında öldüyünü xatırladan ekspert helikopterin əslində köhnə olduğunun və onun zəif müşahidə olunduğunun ortaya çıxdığını qeyd edib:
“Nəzərə alsaq ki, Tehran İranın paytaxtıdır. Orada İranın Ali Dini lideri Ayətullah Xamenei də yaşayır, yeni prezident də, administrasiya da oradadır. Bu o deməkdir ki, əgər Haniyə Tehranda öldürülə bilirsə, digər şəxslər də öldürülə bilərdi”.
Politoloq onun İsrailə qarşı mübarizədə öndə duran şəxs olaraq İran üçün simvolik mənasının yüksək olduğunu nəzərə çatdırıb.
K.Kazımov İran daxilində baş verən bu hadisənin İsrail kəşfiyyatının İranda nə qədər güclü olduğunu da ortaya qoyduğunu söyləyib.
Müsahibimiz onu da bildirib ki, hazırda İran Təhlükəsizlik Şurası iclas keçirir:
“İsrailə mütləq cavab veriləcək. Böyük ehtimalla raket və ya dron zərbələri ilə qarşılıq veriləcək”.
Mina Mikayılova