"Azərbaycanın xüsusi xidmət orqanları ən həssas və kövrək məqamlarda belə bütün təhdid və hədəflərin qarşısını əzmlə alır".
Bu sözləri Rusiyanın təhdidləri fonunda region dövlətlərin təhlükəsizliklə bağlı siyasətini şərh edən deputat Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Deputatın fikrincə, sülh istəyən tərəf təhlükəsizlik tədbirlərini də gücləndirməlidir. Çünki burada maraqlı olan qədər, olmayan, hətta əleyhinə olan qüvvələr də var:
"Diqqət etdinizsə, Gürcüstandakı budəfəki bələdiyyə seçkilərinə Avropanın ciddi müdaxiləsinin şahidi olmadıq. Avropa İttifaqı məsələ ilə bağlı bəyanatında sadəcə formal olaraq söz xətrinə zor tətbiqindən qaçmağı tövsiyə etdi. İndiki məqamda nəzərə çarpacaq dərəcədə olmayan kütlənin düşüncəsi xalqın maraqları kontekstində dəyərləndirilməyə belə kifayət deyil. Deyə bilərik ki, İvanaşvili hakimiyyəti cəmiyyəti konsolidasiya etməyin öhdəsindən gəlir”.
Müsahibimiz vurğulayıb ki, digər tərəfdən, TDT-nin 12-ci Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması təsadüf deyil. Onun sözlərinə görə, əsas hədəf sülh, iqtisadi diversifikasiyadırsa, digər tərəfdən önəmli amil risklərin minimallaşdırılmasıdır. Risklərin minimallaşdırılması isə sadəcə iqtisadi mənada başa düşülməməlidir.
A.Badamov hesab edir ki, Rusiya prosesləri həm Tiflisdə bələdiyyə seçkiləri, həm Ermənistanda keçiriləcək seçkilər, həm də Ermənistan müxalifəti ilə təmaslar vasitəsilə nəzarətdə saxlamağa çalışır:
"Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatskinin Tiflisdə keçirilən bələdiyyə seçkiləri fonunda Gürcüstan, Ermənistan və Azərbaycanın hazırda Avropa İttifaqı və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının əsas hədəfi olması ilə bağlı açıqlaması isə Kopenhangendə əldə edilən uğurlu nəticələrdən, Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Marta Kosun müsahibəsində ehtiva etdiyi məsələlərdən sonra verilməsi təsadüfi deyil. Şübhəsiz ki, cəmiyyətə bu və ya digər mənada sızma cəhdləri ola bilər, özü də sadəcə Qərb tərəfindən deyil. Bu mənada Azərbaycanın xüsusi xidmət orqanları sadəcə indi deyil, ən həssas və kövrək məqamlarda belə bütün təhdid və hədəflərin qarşısını əzmlə, müvəffəqiyyətlə alır”.
“Azərbaycanda dövlətçilik möhkəm təməllər üzərində qurulub. Daxili sabitlik isə tam təmin olunub. Cəmiyyətlə dövlətin monolit birliyi hökm sürür" - deyə Azər Badamov vurğulayıb.
Deputat hesab edir ki, hansısa ssenarinin Azərbaycanın üzərinə köçürülməsi yolverilməzdir və buna yol verilməyəcək. Çünki bütün təsirləri minimallaşdırmağı bacarıb, öz reallığımızı özümüz yarada bilmişik.
Gülşən Şərif