• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Hava soyudu, dəm qazı kabusu başladı: Səssiz ölümdən necə qurtulmaq olar?

CƏMİYYƏT

22 Dekabr 2025 | 10:45

Hava soyudu, dəm qazı kabusu başladı: Səssiz ölümdən necə qurtulmaq olar?

Havaların soyuması dəm qazından zəhərlənmələrə də yol açdı. Təkcə bu saata olan məlumatlarda 3 nəfərin dəm qazından öldüyü bildirilir.

Bakıvaxtı.az qeyd edir ki, Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb. Belə ki, Mirzəliyeva Lalə İsgəndər qızının evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Bakıda isə dəm qazı bacı-qardaşın həyatına son qoyub. Hadisə dekabrın 20-də Xətai rayonunda baş verib. 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

Ümumiyyətlə, son zamanlar ölkədə dəm qazından zəhərlənmə hallarının sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Artıq demək olar ki, hər gün ölkənin müxtəlif bölgələrindən bu tip hadisələrlə bağlı xəbərlər yayılır. Bu isə cəmiyyət üçün arzuolunan mənzərə deyil və ciddi narahatlıq doğurur. Dəm qazı ilə bağlı baş verən faciələrin artması həm təhlükəsizlik məsələlərini, həm də məsuliyyət anlayışını yenidən gündəmə gətirir.

Bəs bu təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Dəm qazından zəhərlənmələrin əsas səbəbləri nələrdir və problemin kökündə hansı amillər dayanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, məişətdə qaz cihazlarından istifadə olunursa, təhlükəsizlik məsələsi ön planda olmalıdır. Onun sözlərinə görə, yəni qaza hər hansı kənar müdaxiləyə yol verilməməlidir:

“Ümumiyyətlə, qaz təsərrüfatında hər hansı təmir, yenidənqurma və ya dəyişiklik işləri yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. “Dostda, qohumda, tanışda bu işi bacaran var” deyərək işi onlara həvalə etmək, qeyri-metal borularla qaz xəttinin yerini dəyişmək, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək yolverilməzdir. Qaz cihazı olan otaqlarda havalandırmanın olmasına xüsusi diqqət yetirilməlidir”.

Ekspert bildirib ki, qazın düzgün yanması üçün otaqda kifayət qədər hava olmalı, mütləq ventilyasiya və nəfəsli olmalı, tüstü bacası isə standartlara uyğun və işlək vəziyyətdə olmalıdır. Dediyinə görə, əgər tüstü bacası işlək olmazsa, standartlara cavab verməzsə və sorucu qabiliyyəti zəif olarsa, bu, yanma prosesini əngəlləyir və nəticədə dəm qazının yaranmasına səbəb ola bilər. Dəm qazı natamam yanma nəticəsində, yəni yanma prosesi düzgün getmədikdə əmələ gəlir.

Otaqda kifayət qədər hava yoxdursa, tüstü bacası işlək vəziyyətdə olmadıqda və ya standartlardan kənar qaz cihazlarından istifadə edildikdə dəm qazının yaranma ehtimalı artır.

Elmar Nurəliyev: Qaz təsərrüfatında hər hansı təmir, dəyişiklik işləri yalnız ixtisaslaşmış müəssisə tərəfindən aparılmalıdır

Müsahibimizin sözlərinə görə, qaz cihazı olan otaqlarda mütləq şəkildə dəm qazı və qaz sızması əleyhinə detektorlar quraşdırılmalıdır:

"Dəm qazı detektoru dəm qazı əmələ gəldikdə xüsusi səs siqnalı vasitəsilə istifadəçini xəbərdar edir. Qaz sızması əleyhinə detektor isə sızma zamanı qazın təchizatını dayandıraraq bədbəxt hadisələrin qarşısını alır. Dəm qazından boğulma halları əsasən hamam otaqlarında baş verdiyindən, bu otaqlarda ümumiyyətlə qaz cihazlarının quraşdırılması məqsədəuyğun hesab edilmir”.

Elmar Nurəliyev qeyd edib ki, əgər hər hansı səbəbdən qaz cihazı quraşdırılıbsa, mütləq şəkildə havalandırmanın, nəfəsliyin və dəm qazı əleyhinə detektorun olmasına diqqət yetirilməlidir. Qapının aşağı hissəsində xırda dəliklərin, nəfəsliyin və ventilyasiyanın işlək vəziyyətdə olması vacibdir ki, otaqda hava sirkulyasiyası təmin edilsin və daim havalandırma olsun.

Aynur Babazadə


SON XƏBƏRLƏR

21 Dekabr 2025