q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Allergiya testlərini özbaşına ETDİRMƏYİN

CƏMİYYƏT

29 Aprel 2026 | 15:16

Allergiya testlərini özbaşına ETDİRMƏYİN

Allergiyanın müəyyən olunması üçün müxtəlif testlər mövcuddur, lakin hansı müayinənin uyğun olduğuna yalnız həkim qərar verməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, pasiyentlər özbaşına test seçməməlidir:

“Heç bir pasiyent özü qərar verib istənilən testi etdirməməlidir. Testlərin sayı çoxdur və hansı müayinə üsulunun daha uyğun olduğunu yalnız həkim müəyyən edə bilər”.

G.Əliyeva bildirib ki, ən çox istifadə olunan üsullardan biri dəri prick testidir:

“Bu test zamanı allergen maddələr ön qolun iç səthinə xüsusi üsulla yerləşdirilir və 15-20 dəqiqə ərzində reaksiyaya baxılır. Qızartı və ya şişkinlik müəyyən həddən artıq olarsa, həmin allergenə qarşı həssaslıq olduğu düşünülür”.

Pulmonoloq qeyd edib ki, testlər ölkələrin allergik xüsusiyyətlərinə uyğun hazırlanır:

“Hər ölkənin özünəməxsus allergik paneli var. Azərbaycanda daha çox rast gəlinən allergenlərə uyğun testlər tətbiq olunur”.

Onun sözlərinə görə, dəri testi ağrısız və rahat olsa da, bəzi məhdudiyyətləri var:

“Bu test uşaqlara tətbiq oluna bilir, sürətli və əlçatandır. Amma hamilələrdə istifadə olunmur. Bundan başqa, antihistamin preparatlar qəbul edilirsə, testdən təxminən 7 gün əvvəl dayandırılmalıdır ki, nəticə düzgün olsun”.

G.Əliyeva əlavə edib ki, alternativ üsullardan biri də spesifik immunoqlobulin E analizidir:

“Bu analiz laboratoriyada aparılır və hansı allergenə qarşı həssaslıq olduğunu göstərir. Dəri testi aparılması mümkün olmayan hallarda istifadə edilir və həm uşaqlarda, həm də hamilələrdə tətbiq oluna bilər”.

Pulmonoloq bildirib ki, total immunoqlobulin E analizi isə yalnız allergiyaya meyilliliyi göstərir:

“Bu analiz yüksək çıxdıqda təkcə allergiya deyil, digər səbəblər də nəzərdən keçirilməlidir. Məsələn, parazitar xəstəliklər və bəzi qeyri-spesifik hallar da nəticəni yüksəldə bilər”.

Onun sözlərinə görə, tənəffüs problemləri olan pasiyentlərdə spirometriya müayinəsi də mühüm rol oynayır:

“Spirometriya bronx və ağciyərlərin fəaliyyətini qiymətləndirən müayinədir. Sadə olsa da, çox geniş məlumat verir və xüsusilə astmanın diaqnostikası və müalicəyə nəzarət üçün önəmlidir”.

G.Əliyeva vurğulayıb ki, düzgün diaqnoz və müalicə üçün ilk addım mütləq mütəxəssis müayinəsi olmalıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR