“38 dərəcəyə qədər olan qızdırmanı dərhal salmaq və özbaşına dərman vermək valideynlərin ən çox etdiyi səhvlərdəndir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.
Pediatr qeyd edib ki, valideynlər arasında virus infeksiyaları ilə bağlı bir sıra yanlış təsəvvürlər mövcuddur. Onun sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri qızdırma 38 dərəcəyə çatmadan dərhal qızdırmasalıcı dərman verilməsidir. S.Cəfərova vurğulayıb ki, 38 dərəcəyə qədər olan hərarət zamanı orqanizm infeksiya ilə özü mübarizə aparır və bu mərhələdə qızdırmanı salmaq tövsiyə edilmir.
O bildirib ki, yalnız 38 dərəcədən yuxarı temperatur olduqda qızdırmasalıcı dərman istifadə oluna bilər. İstisna hallarda - əgər uşağın anamnezində qızdırma fonunda qıcolma epizodları olubsa - həkim məsləhəti ilə daha tez müdaxilə edilə bilər.
Pediatr əlavə edib ki, valideynlər bəzən qonşu və ya tanış məsləhəti ilə antiviral və ya antibiotik preparatlarını özbaşına istifadə edirlər ki, bu da ciddi yanlışdır. Onun sözlərinə görə, antibiotiklər viruslara təsir etmir və dərmanlar uşağın yaşı, çəkisi və infeksiyanın növü nəzərə alınmaqla yalnız həkim tərəfindən təyin edilməlidir.
S.Cəfərova qeyd edib ki, qızdırma üç gündən artıq davam edərsə və ya uşağın vəziyyəti ağırlaşarsa, mütləq tibbi yardıma müraciət olunmalıdır.
Zeynəb Rzayeva
Bakı 




