• Bakı C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

HELL-in satışını həyata keçirən şirkətdən 183 min manat mənimsənildi

CƏMİYYƏT

31 Dekabr 2025 | 09:03

HELL-in satışını həyata keçirən şirkətdən 183 min manat mənimsənildi

“Collabera” MMC-də mal satışına nəzarəti həyata keçirən əməkdaş 183 min manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, 36 yaşlı Kamal Bayram Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Kamal Bayram Naxçıvan Muxtar Respublika ərazisində market və mağazalara şirkətə məxsus HELL enerji içkilərinin satışını həyata keçirib, müştərilərdən toplanan vəsaitləri isə şirkətin kassasına mədaxil üçün aidiyyəti əməkdaşlara təhvil verməli olub. Məlumata əsasən, o, 2023-cü ilin iyunundan etibarən satışdan yığılan pulların bir hissəsini şirkətə təqdim etməyərək mənimsəməyə başlayıb.

Şirkət 2023-cü ilin sonunda audit zamanı ilkin mərhələdə onun ərazisində təxminən 50 min manat kəsir aşkarlanıb. K.Bayram sonradan həmin borcu üzərinə götürərək aylıq 4 min manat olmaqla ödəniş edəcəyini bildirib. Tərəflər arasında 46 min manatlıq borc müqaviləsi bağlanıb. Lakin onun mənimsədiyi məbləğ aylar keçdikcə artmağa başlayıb.

İttihama əsasən, Kamal Bayram işdən ayrıldığı günədək 183 110 manat məbləği ələ keçirib.

Məhkəmədə Kamal Bayram özünü təqsirli bilərək ifadəsində mənimsədiyi vəsaiti şəxsi ehtiyaclarına sərf etdiyini, o cümlədən borc verdiyi şəxsin pulu qaytarmadığını deyib. Onun ifadəsindən məlum olub ki, məniməsənilən pulu əyləncəyə, qeyri-rəsmi münasibətdə olduğu xanıma və onun borclarına xərcləyib.

Kamal Bayram əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tam ödədiyini və tərəflər arasında razılıq əldə olunduğunu bildirib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamal Bayrama 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 1 il 6 ay sınaq müddəti ilə şərti hesab olunub.


SON XƏBƏRLƏR

30 Dekabr 2025