Fələstinin İslamçı HƏMAS hərəkatı vasitəçi ölkələri İsrailə təzyiq göstərərək onlarla döyüşçünün Qəzza zolağında sıxışdıqları tunelləri tərk etməsinə icazə verməyə çağırıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu tələb İsrail ordusunun keçən həftə bölgədəki yeraltı terror infrastrukturundan qaçmağa çalışan 20-dən çox HƏMAS üzvünü öldürdükdən və səkkiz nəfəri həbs etdikdən sonra edilib.
HƏMAS-ın bəyanatında deyilir:
"Biz döyüşçülərimizin həyatına görə tam məsuliyyət daşıyırıq və vasitəçiləri təzyiq göstərmək və oğullarımızın evə qayıtmasını təmin etmək üçün dərhal hərəkətə keçməyə çağırırıq".
Qeyd edək ki, İslamçı qrup ilk dəfədir ki, bəzi döyüşçülərinin tunellərdə sıxışdırıldığını açıq şəkildə etiraf edir. İsrail mediası bir neçə həftədir ki, 100-200 HƏMAS üzvünün Qəzza zolağının İsrail hərbçilərinin nəzarəti altında olan bölgəsində, Rəfah şəhəri altında yerləşən şəbəkədə sıxışdırıldığını bildirir.
Məlumat üçün bildirək ki, ABŞ-ın vasitəçiliyi ilə oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşmasına əsasən, İsrail ordusu Fələstin ərazisinin sahil hissəsindən, İsrailin nəzarəti altında olan ərazini müəyyən edən "sarı xətt" dən kənara çəkilməlidir.
Aydın Baxış
Bakı 



