Müasir dünyada geosiyasi gərginliklərin artdığı, qlobal güc balansının dəyişdiyi bir dövrdə regional əməkdaşlıq platformalarının rolu daha da ön plana çıxır. Bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü təkcə türk dünyasının siyasi həmrəyliyinin nümayişi deyil, eyni zamanda yeni geosiyasi reallıqlar fonunda formalaşan vahid güc mərkəzinin təntənəsi kimi qiymətləndirilir.
“Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunan bu Zirvə türk dövlətlərinin ortaq maraqlar ətrafında birləşmək, beynəlxalq münasibətlər sistemində daha təsirli aktora çevrilmək əzmini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı kimi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanında sabitlik və inkişafın təminatı baxımından strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Beynəlxlaq Jurnalistlər Federasiyasının üzvü,politoloq İnqilab Şirinli bildirib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü türk dünyasının həmrəyliyinin, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin bariz nümunəsinə çevrildi.
Politoloq qeyd edib ki, Zirvənin əsas məğzi “Regional Sülh və Təhlükəsizlik” mövzusunda cəmləşsə də, müzakirələrin mahiyyəti daha geniş – siyasi, iqtisadi, mədəni və geostrateji sahələri əhatə edib:
“Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı görüşün əsas istiqamətini müəyyənləşdirdi. Dövlət başçısının ‘Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir’ fikri türk dövlətlərinin qarşısında duran strateji vəzifəni açıq şəkildə ifadə edir. Prezidentin 2026-cı ildə TDT-yə üzv ölkələrin Azərbaycanda birgə hərbi təliminin keçirilməsi barədə təklifi isə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi baxımından mühüm addımdır".
İnqilab Şirinlinin sözlərinə görə, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda TDT-nin güclənməsi, onun vahid siyasi və iqtisadi mərkəz kimi formalaşması artıq real prosesə çevrilib:
“Qərb və Şərq arasında artan geostrateji rəqabət, enerji və nəqliyyat dəhlizləri uğrunda mübarizə türk dövlətlərinin bir-birinə daha sıx bağlanmasını zəruri edir. Bu baxımdan ‘Orta Dəhliz’ və ‘Zəngəzur dəhlizi’ layihələri TDT-nin qlobal iqtisadi təsirini artıracaq".
Həmsöhbətimiz qeyd edib ki, təşkilatın 2022–2040-cı illəri əhatə edən ‘Türk Dünyası Baxış Sənədi’ iqtisadi inteqrasiyanın yeni mərhələsini müəyyənləşdirir. Burada ticarət dövriyyəsinin artırılması, vahid gömrük-logistika sistemlərinin yaradılması və ortaq investisiya fondlarının formalaşdırılması prioritet istiqamətlər kimi önə çıxır.
“TDT ölkələrinin ümumi ÜDM-i artıq 2 trilyon dolları keçib. Bu fakt təşkilatın qlobal iqtisadi sistemdə ciddi aktora çevrildiyini göstərir".
İnqilab Şirinli: Türk dünyasının ortaq dil, din və tarix kimi dəyərləri artıq vahid ideoloji baza kimi çıxış edir
Müsahibimiz həmçinin TDT-nin siyasi həmrəylik və diplomatik koordinasiya baxımından da mühüm mərhələyə qədəm qoyduğunu vurğulayıb:
“Qazaxıstanın neytral siyasəti, Özbəkistan və Qırğızıstanın aktivliyi, Türkmənistanın əməkdaşlığa açıq mövqeyi, Azərbaycanın balanslı diplomatiyası və Türkiyənin regional liderliyi TDT-ni vahid, monolit diplomatik mərkəzə çevirir. Bundan başqa, təşkilatın BMT və digər beynəlxalq qurumlarla əməkdaşlığı onun beynəlxalq legitimliyini gücləndirir".
Siyasi şərhçiyə görə, Zirvə həm də mədəni və humanitar müstəvidə yeni dövrün başlanğıcını qoyub:
“Türk dünyasının ortaq dil, din və tarix kimi dəyərləri artıq vahid ideoloji baza kimi çıxış edir. Qəbələ Zirvəsi bu dəyərlərin müasir mərhələdə birləşdirici gücünü nümayiş etdirdi. TÜRKPA, TÜRKSOY, Türk Akademiyası və Türk Universitetlər Birliyi kimi qurumlar bu ideyanın elmi-humanitar dayaqlarıdır".
İnqilab Şirinli sonda qeyd edib ki, Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni birliyə əsaslanan platforma deyil, qlobal miqyasda strateji əməkdaşlıq mərkəzinə çevrilməkdədir:
“Rusiya–Qərb qarşıdurması, Çin–ABŞ rəqabəti və Yaxın Şərqdəki güc dəyişiklikləri fonunda TDT-nin koordinasiyalı fəaliyyəti türk dünyasını beynəlxalq arenada real güc aktoruna çevirir. Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirlər uzaqgörən və strateji dəyərləndirilməlidir".
Əli Hüseynov