• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Heyvanlara qarşı VƏHŞİLİK: Niyə bu qədər aqressivik?

CƏMİYYƏT

17 Aprel 2023 | 12:20 | Müəllif: Qalib İbrahimoğlu

Heyvanlara qarşı VƏHŞİLİK: Niyə bu qədər aqressivik?

Son günlər heyvanlarla qeyri-insani rəftar edənlərə sosial şəbəkələrdə tez-tez rast gəlirik. Kimi pişiyin qulağını kəsir, kimi toyuğu dar dəmirlərin arasına salır, kimi iti maşının arxasına bağlayıb sürüyür.

Heyvanlara göstərilən bu aqressiyanın səbəbi nədir? Niyə əsəblərimizi heyvanlardan çıxırıq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Orxan Oruc bildirib ki, aqressiyanın bir səbəbi dünyada gedən sosial, siyasi, iqtisadi və məişət problemləridir: "Tarix boyu heyvanlarla daimi təmasda olmuşuq. Bəzən hətta heyvanlarla aramızda onları idarə etmək və ya tərbiyə etmək baxımından şiddət və aqressiya normal hesab olunub. Lakin müasir dünyamızda insanların təfəkkürü, tələblər dəyişir. İnsanlardan daha insani davranışlar gözlənilir”.

Onun sözlərinə görə, aqressiyanın bir səbəbi dünyada gedən sosial-siyasi iqtisadi və məişət problemləridir. Psixoloq deyib ki, özünü ifadə, özünü təsdiq etmək istəyi və s. kimi problemlər daxili aqressiyanın yaranmasına səbəb olur. Həmin aqressiyanın yönləndirilməsinin obyektləri ola bilər. "İnsanlar aqressiyalarını əşyalara, heyvanlara, hətta bəzən özlərinə qarşı yönəldə bilirlər. Dəfələrlə ətrafımızda belə insanlar görmüşük ki, əlinə keçən əşyalardan öz aqressiyasını çıxmaq üçün istifadə edir. Bəzən də bu obyekt canlılara yönlənmiş olur. Sözsüz ki, ictimaiyyət haqlı olaraq etiraz edir”.

Psixoloq deyib ki, heyvanlara qarşı aqressiya göstərənlər çox vaxt bunu əyləncə vasitəsi kimi ifadə etməyə çalışırlar.

O.Orucun sözlərinə görə, məsələni ictimailəşdirmək lazımdır ki, digərləri bu cür davranışların yanlış olduğunu başa düşüb anlasınlar: “Heyvanları incidən adamların hər biri ilə söhbət aparsaq görərik ki, o davranışların arxasında şəxsin özünə məxsus bir səbəb olur. İstənilən səbəblər heç bir halda insanın o cür davranışına haqq qazandırmır. Haqlı olaraq ictimai qınağa səbəb olur. Belə hallar həyatda çox olur”.

Müsahibimiz belə aqressiyanın aradan qaldırılması üçün xüsusi üsul olmadığını deyir. Bildirib ki, sadəcə, insanlar öz aqressiyasını idarə etmək üçün fiziki hərəkətlərə, idmana, insanın zövqünü oxşayan, ona zövq verən hansısa fəaliyyətləə yönəldə bilər: “Sevdiyi işlə məşğul olmaq da aqressiyanın yaxşı idarə olunmasına köməklik edə bilər”.

Bəs heyvanlarla bu cür rəftar edənləri hansı cəzalar gözləyir?

Hüquqşünas Turan Abdullazadə Bakıvaxtı.az-a deyib ki, müvafiq qanunvericilik bazası mövcud olsa da, Azərbaycanda heyvan hüquqları kifayət edəcək səviyyədə qorunmur: "Bir vəkil kimi düşünürəm ki, heyvan hüquqlarının müdafiəsi sahəsində həm qanunvericilik aktlarına dəyişiklik edilərək heyvanlara qarşı zorakılıq aktları məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də maarifləndirici tədbirlər gücləndirilməlidir”.

Hüquqşünas vətəndaşları bu cür hadisələrə qarşı həssas davranış nümayiş etdirməyə dəvət edir, habelə heyvanlara qarşı rəhmsiz davranış gördükləri təqdirdə dərhal video çəkiliş edərək aidiyyəti qurumlara və şəxslərə göndərmələrini tövsiyyə edir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. 31 may 2007-ci il tarixli "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasının 3.1-ci maddəsinə əsasən heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz."

Onun sözlərinə görə, sahibsiz heyvanların tutulması, saxlanılması və onların həyatına son qoyulmasına dair bu Konvensiyada nəzərdə tutulmuş prinsiplərdən istisnalar yalnız xəstə heyvanların sayına nəzarət üzrə milli proqram çərçivəsində labüd olduğu hallarda edilə bilər. Müsahibimiz qeyd edib ki,  "Heyvanlar aləmi haqqında" qanunun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsizcəsinə davranması nəticəsində onları şikəst və ya tələf etdikdə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin 4-cü bəndində dövlətin ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminatı qeyd edilmişdir.

T.Abdullazadə onu da əlavə edib ki, günümüzdə heyvanlara qarşı münasibətdə “hüquqi nihilizm”in ( boşluğun, etinasızlığın) şahidi oluruq: “Təəssüflər olsun ki, heyvan hüquqlarının qorunması sahəsində qanunvericilik baxımından əməli tədbirlər tam olaraq görülməmiş, mütəmadi qanunvericilik səviyyəsində kompleks aktlar qəbul olunmayıb".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026