Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 119-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, 6-sı etanoldan, 6-sı ilan sancmasından, 2-si göbələkdən, 1-i arı sancmasından, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 9-u allergik reaksiya, 2-si botulizm, 1-i isə anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 60-ı kişi, 40-ı qadın, 19-u isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 6 nəfər sirkə turşusundan, 1 nəfər komatoz vəziyyətdən, 1 nəfər etanoldan, 1 nəfər botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 8-i kişi, 1-i qadındır.
Bəzən qida zəhərlənməsi zamanı ilkin yardım kimi atılan addımlar yanlış ola bilər. Bəs zəhərlənmə zamanı ilk yardım kimi nələr etmək lazımdır?
Qastroenteroloq Dr. Fərrux Nağıyev Bakıvaxtı.az-a deyib ki, qida zəhərlənmələri daha çox vaxtı keçmiş qidalardan baş verir, yaradan səbəb stafilakok bakteriyasının toksinleridir. Onun sözlərinə görə, qida zəhərlənməsi zamanı bol su içmək tövsiyə olunur.
“İlkin yardım kimi ilk 24 saatda bol miqdarda maye qəbul etmək fayda verir. 24 saat tamam olmamış antibiotiklərin təyinatı yanlış sayılır. Zəhərlənmə zamanı orqanizmdə ciddi şəkildə vitamin, mineral çatışmazlığı yaranır” deyən F.Nağıyev əlavə edib ki, doğru edilməyən ilkin proseslər hətta ölümlə nəticələnə bilər.
Müsahibimiz qeyd edib ki, orqanizmdə maye itkisi ciddi halsızlığa, hətta ölümə səbəb olur: “Çünkü daha çox qusma və mədə bulantısı şikayətləri olur. Bol miqdarda maye qəbulu da bu səbəbdən tövsiyə olunur".
Xəyalə Rza












jpg-1686896120.webp)
jpg-1686896014.webp)


